İsrail Livanda mümkün qədər çox torpaq işğal etmək istəyir - RƏY
Geosiyasi ambisiyaların və barışmaz ideologiyaların toqquşduğu Yaxın Şərq arenasında sülh, çox vaxt real hədəfdən ziyadə, diplomatik bəyanatların bəzəyi kimi görünür. İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin "İran ordusu ABŞ-nin istənilən hücumuna cavab verəcək" xəbərdarlığı, sadəcə növbəti bir ritorika deyil. Bu, Vaşinqton, Tehran və Təl-Əviv üçbucağında onilliklərdir davam edən və artıq geriyə dönüşü olmayan inamsızlıq uçurumunun növbəti təzahürüdür. Səslənən bu kəskin bəyanatların və regional güc nümayişlərinin fonunda tərəflərin masa arxasında əyləşib fundamental sülh sazişinə imza atması nə dərəcədə realdır?

Məsələ ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib.
"Hətta belə iddialar olmasaydı belə, hazırda İran-Amerika sülhünün imzalanma imkanları, demək olar ki, sıfıra bərabərdir. Çünki müharibə və münaqişəyə səbəb olmuş məsələlər ətrafında İran və Amerikanın mövqeləri tamamilə bir-birinə ziddir; aralarında heç bir oxşarlıq yoxdur.
İranın nüvə texnologiyası, uzaqmənzilli raketləri, Hörmüz boğazının açılması, İrana qarşı sanksiyaların taleyi, dondurulmuş aktivlərin sərbəst buraxılması və İrana kompensasiya ödənilməsi kimi məsələlərdə tərəflər arasında qətiyyən mövqe uyğunluğu yoxdur. Mövqelər bir-birindən kəskin şəkildə fərqləndiyinə görə, hazırkı şəraitdə İran və Amerikanın sülh sahəsində razılığa gəlmək imkanları demək olar ki, mövcud deyil. Üstəlik, iddiaların bu cür kəskin xarakter alması vəziyyəti daha da gərginləşdirir. Elə hər iki tərəfdən səslənən bəyanatlar da vəziyyəti ağırlaşdıran barışmaz, radikal iddialardan başqa bir şey deyil. Heç bir tərəf barışıq üçün yer qoymur. Bəyanatlar səsləndiriləndə və baş verən hadisələrə münasibət bildiriləndə, demək olar ki, qarşı tərəf qətiyyən nəzərə alınmır".
Politoloq eyni zamanda qeyd edib ki, bu dövlətlər arasında etimad göstəricisi yoxdur.
"Eyni zamanda, İranla Amerika və İsrail arasında etimaddan söhbət belə gedə bilməz. Çünki dəfələrlə danışıqlar masası arxasında müzakirələr getdiyi bir vaxtda Amerika və İsrail zərbələr endiriblər. Bu da tərəflər arasında onsuz da çox zəif olan inam və etimadı tamamilə baltalayıb. Belə bir şəraitdə hər hansı bir razılaşmadan söhbət gedə bilməz. Sadəcə olaraq, davam edən müharibənin və onun vurduğu ziyanların hər iki tərəfdə müəyyən yorğunluq, məyusluq doğuracağı təqdirdə, hansısa orta müddətli atəşkəsi müəyyən edən çərçivə sazişindən danışmaq olar. Amma Amerika, İran və İsrail arasındakı ziddiyyətləri fundamental şəkildə həll edə biləcək bir sülh sazişinin imzalanma imkanı hazırkı şəraitdə, demək olar ki, yoxdur".
Ekspert eyni zamanda İranın Livan məsələsindəki həssaslığına da diqqət çəkib: "Xüsusilə də İran, Livan məsələsində olduqca konkret bir mövqe nümayiş etdirir. Əldə olunacaq razılaşmanın Livan-İsrail müharibəsinin dayandırılmasına dəxli olmayacağı təqdirdə, İran heç bir sənədə imza atmayacağını bildirir. İsrail isə əksinə... İsrailin üzdə Livanda Hizbullahı bir təşkilat olaraq məhv edəcəyini bildirməsinə baxmayaraq, əslində məqsədi Livanda mümkün qədər çox torpaq işğal etməkdən ibarətdir. Heç bir şübhə yoxdur ki, İsrail Litani çayının şimalındakı bütün torpaqları ələ keçirmək və bir daha Livana geri qaytarmamaq fikrindədir. Çünki İsrail görür ki, son 70-80 ildə müxtəlif şəraitlərdə işğal etdiyi ərazilərin, demək olar, bir qarışını da ondan geri alan olmur. Belə bir şəraitdə İsrail ürəklənir və xüsusilə də Livanda yeni əraziləri özünə ilhaq etmək planlarını həyata keçirir. Buna görə də, hətta bəzi siyasətçilərin bu cür iddiaları olmasaydı belə, konkret olaraq desək, İran-Amerika münasibətlərində hazırkı şəraitdə razılaşma şansları sıfıra bərabərdir".
Turqut Ansari
11:30 10.06.2026
Oxunuş sayı: 58