Coğrafi üstünlük siyasi təsirə çevrilmədən günümüz dünyasında artıq dəyər yaratmır - Professor
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü artıq yalnız sahib olduqları coğrafi mövqe ilə müəyyən edilmir. Qlobal siyasətdə sürətlə dəyişən reallıqlar göstərir ki, strateji ərazidə yerləşmək üstünlük sayılsa da, bu üstünlüyü siyasi, iqtisadi və diplomatik təsirə çevirmək bacarığı olmadan geosiyasi əhəmiyyət real gücə transformasiya olunmur.
Bu fikirləri dəyərləndirən Üsküdar Universitetinin Humanitar Elmlər Fakültəsinin dekanı, professor Deniz Ülke Kaynak hesab edir ki, beynəlxalq münasibətlərdə ən çox qarışdırılan anlayışlardan biri geosiyasi əhəmiyyətlə geosiyasi güc arasındakı fərqdir.

Onun sözlərinə görə, müasir dövrdə bir ölkənin mühüm nəqliyyat marşrutlarının, enerji xətlərinin və ya regional güc mərkəzlərinin kəsişməsində yerləşməsi həmin dövlətə avtomatik şəkildə strateji güc qazandırmır.
"Tarix göstərir ki, geosiyasi baxımdan son dərəcə əhəmiyyətli mövqeyə malik olan bir çox ölkələr bu üstünlüyü siyasi təsir imkanına çevirə bilmədikləri üçün beynəlxalq sistemdə passiv aktor olaraq qalıblar. Coğrafiya imkan yaradır, lakin həmin imkanın dəyərə çevrilməsi dövlətin strateji baxışından asılıdır", – deyə Kaynak vurğulayır.
Ekspert qeyd edir ki, XXI əsrdə geosiyasətin mahiyyəti dəyişir. Əvvəllər dövlətlərin hansı coğrafiyada yerləşdiyi əsas meyar hesab olunurdusa, indi həmin coğrafiyanın yaratdığı imkanlardan necə istifadə olunduğu daha vacib amilə çevrilib.
Bu kontekstdə Türkiyənin mövqeyi xüsusi diqqət çəkir.
Avropa ilə Asiyanın qovşağında yerləşən, Qara dəniz, Aralıq dənizi, Qafqaz və Yaxın Şərq kimi mühüm geosiyasi məkanlarla eyni vaxtda əlaqə quran Türkiyə uzun illər "körpü ölkə" kimi xarakterizə olunub. Lakin Kaynakın fikrincə, mövcud geosiyasi reallıq artıq bu təsviri tam əks etdirmir.
Onun qənaətinə görə, Türkiyə bu gün sadəcə müxtəlif regionları birləşdirən keçid məkanı deyil, enerji təhlükəsizliyindən nəqliyyat dəhlizlərinə, regional diplomatiyadan təhlükəsizlik məsələlərinə qədər bir çox istiqamətdə proseslərin formalaşmasına təsir göstərə bilən strateji aktora çevrilmək potensialına malikdir.
Professor hesab edir ki, qlobal güc balansının dəyişdiyi bir mərhələdə Türkiyə üçün əsas məsələ coğrafi mövqeyindən danışmaq deyil, həmin mövqenin yaratdığı imkanları uzunmüddətli siyasi üstünlüyə çevirməkdir.
"Türkiyənin qarşısında duran əsas vəzifə sahib olduğu geosiyasi kapitalı davamlı strateji üstünlüyə çevirməkdir", – deyə professor Deniz Ülke Kaynak bildirir.
Onun sözlərinə görə, geosiyasi kapital anlayışı yalnız coğrafi yerləşməni ifadə etmir. Buraya enerji marşrutları, logistika şəbəkələri, iqtisadi əlaqələr, diplomatik imkanlar, müdafiə sənayesinin potensialı və regional təsir mexanizmləri də daxildir.
Kaynak vurğulayır ki, müasir beynəlxalq sistemdə uğurun əsas göstəricisi hansı coğrafiyada yerləşmək deyil, həmin coğrafiyanın yaratdığı imkanları siyasi təsirə, diplomatik nüfuza və strateji qərarvermə gücünə çevirməkdir.
Ekspertin fikrincə, Türkiyənin gələcəkdə regional və qlobal sistemdəki çəkisi də məhz bu transformasiyanı nə dərəcədə uğurla həyata keçirə bilməsindən asılı olacaq. Çünki yeni geosiyasi reallıqda dövlətlərin dəyəri onların xəritədəki yeri ilə deyil, həmin yerin yaratdığı imkanlara necə istiqamət vermələri ilə ölçülür.
Nigar Xəlilli
12:30 09.06.2026
Oxunuş sayı: 77