Əgər Köçəryan qalib gəlsə idi...- Cənubi Qafqazda hansı ssenarinin qarşısı alındı?
Ermənistanda keçirilən seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının üstün səs toplaması regionda və xüsusilə Azərbaycan–Ermənistan münasibətlərinin gələcək dinamikası baxımından diqqət çəkən siyasi hadisə kimi qiymətləndirilir. Azərbaycanda da müəyyən ictimai rəy Paşinyanın hakimiyyətdə qalmasını sülh prosesinin davamlılığı baxımından daha real və praqmatik seçim kimi görür.
Bəs Paşinyanın seçilməsinin region və Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Bu nəticə sülh gündəliyinin davam etdirilməsi, tərəflər arasında əldə olunmuş razılaşmaların dayanıqlığı və kommunikasiyaların açılması istiqamətində aparılan danışıqların sürəti baxımından hansı rol oynaya bilər? Eyni zamanda, bu siyasi kursun dəyişməməsi Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və uzunmüddətli əməkdaşlıq perspektivlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib: “Paşinyanın Ermənistanda seçkidə qələbə qazanması təkcə ölkədaxili siyasi proses baxımından deyil, həm də regionda sülhün taleyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu mənada Ermənistanda keçirilən seçkiləri yalnız həmin ölkənin daxili işi kimi qiymətləndirmək doğru olmaz. Nəzərə alsaq ki, bu seçkilərdə faktiki olaraq sülh və müharibə tərəfdarı olan siyasi qüvvələr üz-üzə gəlmişdi, seçkinin nəticələrinin Ermənistanın Azərbaycanla hazırda daxil olduğu sülh prosesinin gələcəyinə birbaşa təsir göstərəcəyi aydın görünür. Bu baxımdan, sülh prosesinin davam etməsi nöqteyi-nəzərindən Azərbaycanın maraqları kontekstində Paşinyanın qələbəsi daha uyğun nəticə hesab oluna bilər. Çünki nəzəri olaraq belə təsəvvür etsək ki, bu seçkilərdə müharibə ritorikasına yaxın olan qüvvələrdən — Robert Köçəryan və ya Karen Karapetyan kimi siyasi fiqurlardan biri qalib gəlsəydi, həmin halda regionda hansı vəziyyətin yarana biləcəyini təsəvvür etmək çətin olmazdı”.
Politoloq əlavə edib ki, hazırkı şəraitdə gedən sülh prosesinin əsas təşəbbüskarı və hərəkətverici qüvvəsi Azərbaycandır: “Lakin bu prosesin irəli aparılması üçün müəyyən imkanlara malik tərəf də Paşinyanın rəhbərlik etdiyi Ermənistandır. Əgər Paşinyan bu seçkidə qalib gəlməsəydi, Azərbaycanla başlanmış və davam edən sülh prosesinin taleyi ciddi risk altına düşə bilərdi. Konkret desək, Azərbaycan–Ermənistan sülh prosesinin uğurla yekunlaşması müəyyən mənada Ermənistanda bu seçkilərin Paşinyanın qələbəsi ilə başa çatmasından da asılı idi. Bu nöqteyi-nəzərdən Paşinyanın seçkidə qalib gəlməsi sülh prosesinin bundan sonra da davam etdirilməsi üçün müəyyən təminat yaradır. Əks halda, müxalifətdə olan digər qüvvələrin — Köçəryanın, Karapetyanın və digərlərinin hakimiyyətə gəlməsi sülh prosesi üçün çox ciddi problemlər yarada bilərdi və prosesin gələcəyini sual altına sala bilərdi. Bununla yanaşı, bütün hallarda bunlar Ermənistan daxilində baş verən siyasi proseslərdir. Sadəcə olaraq, Azərbaycan dövləti olaraq Ermənistan daxilində gedən proseslərə baxarkən həm bölgənin, həm də Azərbaycanın strateji maraqlarını nəzərə almağı bacarmalıyıq. Məlumdur ki, hazırkı mərhələdə Azərbaycanın əsas hədəfi Ermənistanla sülh sazişinin uğurla imzalanmasını başa çatdırmaqdır. Həmin sazişin imzalanması üçün isə Ermənistanda hakimiyyətdə Paşinyana real alternativ görünmürdü. Çünki hazırkı mərhələdə Azərbaycan məhz Paşinyan dövründə başlanmış sülh prosesini sülh sazişinin imzalanmasına qədər çatdıra bilər. Bunun əsas səbəbi odur ki, həmin saziş mətninin hazırlanması prosesinin tərəflərindən biri də məhz Paşinyandır. Əgər bu prosesdə başqa bir siyasi fiqur iştirak etsəydi, sazişin imzalanması ehtimalı ciddi şəkildə şübhə altına düşə bilərdi”.
Ayhan
15:25 08.06.2026
Oxunuş sayı: 51