Rusiya hərəkətə keçdi: region ölkələri toplanır
Cənubi Qafqazda regional əməkdaşlığın inkişafına yönəlmiş "3+3" platformasının növbəti görüşünün keçiriləcəyi məkan ətrafında müzakirələr davam edir. Rusiya hesab edir ki, növbəti toplantının Bakı və ya İrəvanda təşkil olunması regional dialoqun genişlənməsinə və əməkdaşlıq mexanizmlərinin möhkəmlənməsinə töhfə verə bilər.
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlama verib. O, həmçinin Moskvanın Cənubi Qafqaz regionunda bütün nəqliyyat-kommunikasiya xətlərinin açılmasını və bunun "3+3" formatının tam fəaliyyət göstərməsi üçün vacib şərt olduğunu vurğulayıb.

Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bu, ilk növbədə, onu göstərir ki, “3+3” platforması Azərbaycanın təşəbbüsü ilə yaradılmış formatdır. Azərbaycanın irəli sürdüyü təşəbbüsü region ölkələri dəstəkləyir və davam etdirir. Məlum səbəblərə görə Gürcüstan bu formatda iştirak etmir. Söhbət gedən görüş isə gündəlikdə olan məsələlərdən biridir. Bildiyimiz kimi, hər növbəti görüş zamanı tərəflər gələcək görüşlərin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparır və növbəti toplantının vaxtı ilə bağlı ilkin razılaşmalar əldə olunur. Bu baxımdan, sözügedən görüş əvvəlcədən planlaşdırılmış hesab edilə bilər. Burada söhbət yalnız Rusiyanın istəyindən getmir. Rusiya hesab edir ki, bu format fəaliyyətini davam etdirməli və institusional xarakter almalıdır. Buna görə də belə təkliflər irəli sürülür".
O bildirib ki, gündəmdə duran əsas məsələlərdən biri Azərbaycan-Ermənistan münasibətləridir və tərəflər bu mövzunu da müzakirə etməyi planlaşdırırlar: "Lakin prosesin necə inkişaf edəcəyi birbaşa tərəflərin mövqeyindən asılıdır. Ermənistandakı seçkiləri nəzərə alsaq, yaxın vaxtlarda bu format çərçivəsində görüşün keçirilməsini çox real hesab etmirəm. Çünki səslərin hesablanması və yeni siyasi vəziyyətin formalaşması müəyyən zaman tələb edəcək. Digər tərəfdən, İran da hazırda öz daxili və regional problemləri ilə məşğuldur. Bu səbəbdən hələlik söhbət daha çox təklif mərhələsindən gedir. Mən yaxın vaxtlarda belə bir görüşün baş tutacağını düşünmürəm. Bununla belə, regionda proseslər sürətlə dəyişə bildiyindən istənilən variant mümkündür. Ola bilsin ki, görüş bir ay ərzində təşkil olunsun. Hazırkı mərhələdə bunu dəqiq proqnozlaşdırmaq çətindir".
Elmir Heydərli
11:11 08.06.2026
Oxunuş sayı: 55