Bakıda X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçiriləcək
İyunun 9-10-da Bakıda X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçiriləcək.
Crossmedia.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, tədbir bu və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunur. Sammitdə maliyyə, o cümlədən bank sektorunun rəqəmsal transformasiyası, süni intellekt, ödəniş sistemləri, kibertəhlükəsizlik, komplayens və alternativ bankçılıq mövzuları müzakirə olunacaq.
Sammit regionun qlobal maliyyə sisteminə inteqrasiyasını sürətləndirməyə yönəlmiş yüksək səviyyəli platforma kimi nəzərdə tutulub. Tədbirin gündəliyi 2026-cı il üçün gözlənilən qlobal bankçılıq və maliyyə trendləri ilə uzlaşdırılıb. Əsas məqsədlər sırasında regional əməkdaşlığın gücləndirilməsi (tənzimləmələrin uyğunlaşdırılması, ödəniş sistemlərinin əlaqələndirilməsi, müxbir bankçılıq əlaqələrinin möhkəmləndirilməsi) və beynəlxalq tərəfdaşlıq imkanlarının nümayişi yer alır.
Ümumilikdə, sammit regional ölkələrin maliyyə liderlərini, beynəlxalq ekspertləri və innovativ həllər təqdim edən şirkətləri bir araya gətirərək daha inteqrasiya olunmuş, dayanıqlı və qlobal səviyyədə əlaqəli maliyyə məkanına dair ortaq baxışın formalaşdırılmasını hədəfləyir.
Sammit müzakirə və şəbəkələşmə imkanlarını genişləndirmək məqsədilə müxtəlif və nüfuzlu auditoriyanı bir araya gətirəcək. Proqrama yüksək səviyyəli siyasət müzakirələri, panel sessiyalar və B2B görüşlər daxildir. Tədbirdə bank rəhbərləri və maliyyə institutlarının nümayəndələri, texnologiya təminatçıları, tənzimləyici qurumlar və siyasətçilər, sənaye və peşəkar assosiasiyalar, FinTech şirkətləri və startaplar, beynəlxalq və çoxtərəfli təşkilatlar, beynəlxalq ekspertlər, investorlar və inkişaf institutları, eləcə də digər aidiyyəti tərəflərin iştirakı nəzərdə tutulur.
Sammitin məqsədləri qlobal maliyyə və bankçılıq trendlərinin təhlili, regional maliyyə inteqrasiyasının təşviqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və dayanıqlılığın artırılması, şəbəkələşmə və strateji tərəfdaşlıqların formalaşdırılmasıdır.
11:20 05.06.2026
Oxunuş sayı: 47