Milli Kibertəhlükəsizlik Agentliyindən gözləntilər açıqlandı
Azərbaycanda kibertəhlükəsizlik sahəsində institusional idarəetmənin daha da gücləndirilməsi istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb. Yeni qurum ölkədə kibertəhlükəsizlik siyasətinin həyata keçirilməsi, informasiya infrastrukturunun dayanıqlılığının artırılması və kibertəhdidlərə qarşı mübarizənin gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Fərmana uyğun olaraq, Agentlik kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarət funksiyalarını həyata keçirməklə yanaşı, mövcud və potensial kibertəhdidlər barədə ölkə səviyyəsində məlumatlandırmanı təmin edəcək, dövlət və qeyri-dövlət qurumlarına metodiki dəstək göstərəcək. Eyni zamanda, əhalinin rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirilməsi, informasiya infrastrukturlarına qarşı yönələn hücumların qarşısının alınması və fərdi məlumatların mühafizəsi istiqamətində tədbirlərin görülməsi Agentliyin əsas fəaliyyət istiqamətlərindən olacaq.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Kibertəhlükəsizlik Agentliyinin yaradılması dövlətin bu sahəyə xüsusi önəm verdiyini göstərir. Bu addım, ilk növbədə, kibertəhlükəsizlik istiqamətində fəaliyyətin daha sistemli və koordinasiyalı şəkildə həyata keçirilməsinə şərait yaradacaq.
Nəzərə alsaq ki, Bakı Enerji Həftəsinin açılış mərasimində çıxışı zamanı cənab Prezident təkcə enerji təhlükəsizliyinin deyil, ümumilikdə təhlükəsizlik məsələlərinin də strateji əhəmiyyətini vurğulamışdı, bu qərar həmin yanaşmanın məntiqi davamı kimi qiymətləndirilə bilər.
Azərbaycan üçün kibertəhlükəsizlik məsələsi xüsusi aktuallıq daşıyır. Çünki rəqəmsallaşma və elektronlaşma prosesləri artıq qlobal xarakter alıb və dövlətlərin informasiya sistemləri müxtəlif mənbələrdən, xüsusilə də xaricdən həyata keçirilən kiberhücum və müdaxilə cəhdləri ilə üzləşə bilir. Belə bir şəraitdə milli informasiya resurslarının və kritik infrastrukturun qorunması üçün institusional mexanizmlərin gücləndirilməsi zəruridir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması da məhz bu istiqamətdə fəaliyyətlərin sistemləşdirilməsinə, koordinasiyanın artırılmasına və ölkənin kiberməkanda təhlükəsizliyinin daha effektiv şəkildə təmin olunmasına xidmət edəcək.".
Təhlükəsizlik üzrə ekspert İlkin Məmmədkərimov isə bu addımın çox mühüm bir addım olduğunu qeyd edib:
"Bu, özlüyündə çox mühüm və vacib bir addımdır. Məlumdur ki, son dövrlərdə kiberdələduzluq halları xeyli artıb. Bir çox hallarda müxtəlif şirkətlərin və bankların adından istifadə edilərək vətəndaşlar aldadılır və maliyyə itkiləri ilə üzləşirlər. Buna görə də bu sahədə xüsusi mərkəzin yaradılmasına ciddi ehtiyac var idi.

Hesab edirəm ki, belə mərkəzlərdə yerli mütəxəssislərlə yanaşı, xarici peşəkar ekspertlər də fəaliyyətə cəlb edilməli, qabaqcıl beynəlxalq təcrübə öyrənilərək tətbiq olunmalıdır. Bu, ölkədə kibertəhlükəsizliyin daha etibarlı şəkildə təmin edilməsinə töhfə verə bilər. Eyni zamanda, mərkəzin əməkdaşları banklar, maliyyə institutları və digər aidiyyəti qurumlarla sıx əməkdaşlıq şəraitində işləməlidirlər ki, kiberdələduzluq və digər təhlükələr minimum səviyyəyə endirilsin".
Elmir Heydərli
17:40 03.06.2026
Oxunuş sayı: 60