Bu agentliyin media sorğularının qarşısını almasını istəməzdim - Ekspert
Prezident İlham Əliyevin Fərmanı ilə Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaradılması rəqəmsal mühitdə fərdi məlumatların qorunması və kibertəhlükəsizlik sahəsində mühüm institusional addım kimi qiymətləndirilir. Qurumun əsas məqsədi şəxsi məlumatların qanunsuz toplanması, işlənməsi və yayılması halları ilə bağlı şikayətləri araşdırmaq və hüquqi mexanizmlər çərçivəsində tədbirlər görməkdir.
Müasir informasiya dövründə sosial şəbəkələr və rəqəmsal platformalarda baş verən qanunsuz məlumat yayımı fonunda bu qurumun fəaliyyəti xüsusilə aktual hesab olunur. Eyni zamanda, onun media sahəsində mövcud ola biləcək qanunsuzluqların qarşısının alınmasına da müəyyən təsir göstərəcəyi gözlənilir.
Mövzu ilə bağlı tanınmış jurnalist Murad Əliyev Crossmedia.az-a açıqlama verib:

“Əlbəttə, belə bir agentliyin yaradılması olduqca mühümdür, o cümlədən media üçün. Çünki hazırda sosial şəbəkələrin geniş yayıldığı bir dövrdə bəzi şəxslər özlərini media əməkdaşı kimi təqdim edərək müxtəlif məlumatlar yayırlar. Sonradan isə insanların şəxsi məlumatlarını ifşa edirlər. Bu kimi xoşagəlməz hallar baş verir və təəssüflər olsun ki, bəzən bu halları medianın adına yazırlar. Yəni guya media işçiləri belə məlumatları yayır. Halbuki onların media ilə heç bir əlaqəsi yoxdur. Artıq mediamızın da çərçivələri müəyyənləşib. Media agentliyinin reyestrinə daxil olunmalıdır. Buna görə hesab edirəm ki, məhz belə halların qarşısını almaq üçün bu agentliyin fəaliyyəti kifayət qədər düzgün və vacib olacaqdır. Bəzi hallarda qanunda olan boşluqlardan istifadə olunur və yaxud hər hansı bir qurum yarandıqda dərhal ora şikayətlərin edilməsi halları baş verir. Heç istəməzdim ki, bu agentliyin fəaliyyəti medianın sorğularının qarşısını alsın”.
M.Əliyev əlavə edib ki, biz mediada müəyyən yerləşmələrlə bağlı xəbərlər veririk: kiminsə vəzifəsi dəyişir, kimisə vəzifədən azad olunur, kimisə hansısa vəzifəyə təyin olunur: “İstəməzdim ki, kimlərsə bundan istifadə edib medianın üzərinə getsin və məhz həmin şəxslərlə bağlı xəbərlərin yayılmasına məhdudiyyət qoyulsun. Bu hallar olmasa, digər bütün aspektlərdən hesab edirəm ki, bu, kifayət qədər lazımlı bir qurum olacaq və onun fəaliyyətini də təqdirəlayiq hesab edirəm”.
Ayhan
17:06 03.06.2026
Oxunuş sayı: 70