İlham Əliyev: Azərbaycanın zəngin bərpa olunan enerji potensialı "yaşıl enerji" üçün geniş imkanlar yaradır
Azərbaycanın zəngin bərpa olunan enerji potensialı "yaşıl enerji" istiqamətində uzunmüddətli strateji hədəflərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi" iştirakçılarına müraciətində qeyd olunub.
Beynəlxalq enerji şirkətləri ilə irihəcmli "yaşıl enerji" layihələrinin həyata keçirilməsi və təbii qaz ixracının geniş coğrafiyanı əhatə etməsi ölkəmizin qlobal enerji sistemində etibarlı və strateji tərəfdaş kimi rolunu daha da gücləndirir. Dünya İqtisadi Forumunun enerji keçidi ilə bağlı hesabatında Azərbaycanın qabaqcıl mövqelərdə qərarlaşması da bunun beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
Bərpa olunan enerji sahəsində mövcud potensialın reallaşdırılması və "yaşıl enerji" imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas strateji hədəfləridir. Bu yanaşma enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Həmin mərhələdə əsas prioritetlər enerji resurslarının səmərəli idarə olunması ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçidin sürətləndirilməsi və müasir texnologiyaların tətbiqidir.
11:31 01.06.2026
Oxunuş sayı: 55