Rumın dilinə tərcümə olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olub
Moldovanın paytaxtı Kişineu şəhərində rumın dilinə tərcümə olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı keçirilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə Moldovanın Milli Tarix Muzeyində keçirilən tədbirdə xarici ölkə səfirləri, deputatlar, ictimai-siyasi xadimlər iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Ülvi Baxşəliyev bu kitabın məhz rumın dilində — Moldova cəmiyyəti üçün dövlət dilində nəşr olunmasının əhəmiyyətindən danışıb. Səfir qeyd edib ki, oxucular Heydər Əliyev haqqında bu kitabda yer alan məlumatlarla böyük maraqla tanış olacaqlar.
Moldovanın sabiq prezidenti Petru Luçinski isə çıxışında Ümummilli Lider Heydər Əliyevlə birgə fəaliyyəti ilə bağlı xoş xatirələrini bölüşüb. O, həmçinin 90-cı illərdə Moldova prezidenti kimi Bakıya səfərini, Heydər Əliyevlə səmimi görüşünü və aralarında yaranmış isti münasibətləri ətraflı şəkildə xatırladıb.
Daha sonra çıxış edən kitabın müəllifi Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli, Moldovanın sabiq mədəniyyət naziri Monika Babuk və digərləri Ümummilli Lider Heydər Əliyevin zəngin ömür yolundan danışıblar. Qeyd edilib ki, Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olub. Azərbaycanın müstəqil və qüdrətli bir ölkəyə çevrilməsinin bünövrəsini məhz Heydər Əliyev qoyub.
Tədbirin sonunda pianoçu Vitali Qavruk Qara Qarayev və Fikrət Əmirovun əsərlərini ifa edib.
17:23 28.05.2026
Oxunuş sayı: 48