İranın uranı satması hələlik fəeziyyədir - Açıqlama
Yaxın Şərqdə gərginlik yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. İranın yüksək zənginləşdirilmiş uranı ölkə ərazisindən çıxarmağa hazır olması ilə bağlı yayılan məlumatlar regionda davam edən siyasi və hərbi qarşıdurmanın yeni mərhələyə keçə biləcəyini göstərir. Məlumata görə, Tehran bu addımı uranın Çinə daşınması şərti ilə atmağa razıdır və paralel olaraq ABŞ ilə mümkün razılaşma öncəsi Pekindən təhlükəsizlik zəmanəti almağa çalışır.
Regionda vəziyyət isə hələ də son dərəcə həssas olaraq qalır. ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra tərəflər arasında yaranan gərginlik Hörmüz boğazı ətrafında böhranı daha da dərinləşdirib. Qarşılıqlı hücumlar, limanların blokadası və enerji marşrutlarının təhlükə altına düşməsi qlobal enerji bazarına ciddi təsir göstərərək dünya iqtisadiyyatında yeni risklərin yaranmasına səbəb olub.
Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bu məsələlər hələlik fərziyyə xarakteri daşıyır. Digər məlumatlara görə, İran uranı hər hansı ölkəyə vermək niyyətində deyil və onu yalnız öz nəzarətində saxlamaq istəyir. Hazırda tərəflər arasında danışıqlar davam edir və müzakirələr zamanı müxtəlif təkliflər irəli sürülür. Əgər yekunda razılaşma əldə olunarsa, müəyyən dəyişikliklər və ya addımlar mümkün ola bilər. Lakin indiki mərhələdə tam dəqiq fikir söyləmək çətindir. Hazırda əsasən iki fərziyyə üzərində dayanılır".
Elmir Heydərli
14:40 28.05.2026
Oxunuş sayı: 53