Qlobal inflyasiya təzyiqləri artır: Əməkhaqqılar azalır
Qlobal iqtisadiyyatda inflyasiya təzyiqləri artmaqda davam edir. “Financial Times”ın məlumatına görə, ABŞ-də aprel ayında inflyasiya 3,8 faizə yüksəlib, Böyük Britaniyada isə real əməkhaqqında demək olar ki, artım qeydə alınmayıb. Ekspertlər bunu İran ətrafında yaranan gərginlik və təchizat zəncirlərinin pozulması ilə əlaqələndirirlər. Onların fikrincə, Hörmüz boğazı açılsa belə, qiymət artımı bir müddət davam edəcək.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:

“Bu məsələdə real əməkhaqqının azalması birbaşa inflyasiya ilə əlaqəlidir. Hazırda qlobal iqtisadiyyatda müşahidə olunan əsas problemlərdən biri məhz yüksək inflyasiya səviyyəsidir. Dünyada enerji daşıyıcılarının qiymətlərinin artması, geosiyasi gərginliklər, xüsusilə İran ətrafında yaranan böhran və beynəlxalq bazarlarda qeyri-sabitlik qiymət artımlarını daha da sürətləndirib. Bu proses təkcə ayrı-ayrı ölkələrə deyil, dünya iqtisadiyyatına inteqrasiya olunmuş bütün dövlətlərə təsir göstərir. İnflyasiya yüksəldikcə insanların gündəlik xərcləri artır, məhsul və xidmətlərin qiyməti bahalaşır. Belə bir şəraitdə nominal əməkhaqqının artması ilk baxışda müsbət görünsə də, reallıqda həmin artım insanların rifahına tam şəkildə təsir edə bilmir. Çünki qiymətlər maaş artımından daha sürətlə yüksəlir. Nəticədə vətəndaşın qazancı artsa da, onun alıcılıq qabiliyyəti əvvəlki səviyyədə qalır, bəzi hallarda isə daha da zəifləyir”.
İqtisadçı əlavə edib ki, Azərbaycanda da bu tendensiya müşahidə olunur:
“Xüsusilə ərzaq məhsulları üzrə inflyasiya daha yüksəkdir və artıq 6 faizi keçib. Mövcud iqtisadi dinamika göstərir ki, ilin sonuna qədər ərzaq inflyasiyasının 7–8 faiz civarında olması ehtimalı kifayət qədər yüksəkdir. Bu isə birbaşa olaraq ailə büdcəsinə təsir edir. Çünki insanların gündəlik xərclərinin böyük hissəsi məhz ərzaq və əsas tələbat məhsullarına yönəlir. Beləliklə, maaşların və gəlirlərin artması fonunda paralel şəkildə inflyasiyanın da yüksəlməsi real gəlirlərin artmasına mane olur. İnsanlar kağız üzərində daha çox qazansalar da, həmin vəsaitin alıcılıq gücü əvvəlki qədər olmur. Əsas problem də məhz budur: nominal artım var, lakin real rifah artımı eyni səviyyədə hiss edilmir”.
Ayhan
11:40 28.05.2026
Oxunuş sayı: 76