Bakıda hava niyə qəfil dəyişir? – Səbəb AÇIQLANDI
Bakıda son günlər müşahidə olunan hava şəraiti iqlim dəyişiklikləri və Xəzər dənizindən gələn rütubətli hava axınları ilə əlaqələndirilir. Gün ərzində temperaturun yüksək olması paytaxtda yay fəslinin təsirinin gücləndiyini göstərsə də, axşam saatlarında havanın qəfil sərinləşməsi və yağışların yağması atmosferdə formalaşan qeyri-sabit hava kütlələri ilə bağlıdır. Xüsusilə gün ərzində qızan hava axşam saatlarında dənizdən daxil olan nisbətən soyuq və rütubətli küləklərlə toqquşaraq buludlanma və yağıntıların yaranmasına səbəb olur.
Meteoroloqlar bildirirlər ki, belə hava keçidləri Bakı üçün xarakterik sayılsa da, son illərdə temperatur fərqlərinin daha kəskin hiss olunması qlobal iqlim dəyişikliklərinin təsirini də ön plana çıxarır. Günorta saatlarında isti və bürkülü hava müşahidə edildiyi halda, axşamlar şimal küləyi, rütubət və lokal yağışlar havada sərinlik yaradır. Bu dəyişkən hava şəraiti xüsusilə dənizkənarı ərazilərdə daha çox hiss olunur və sakinlərə gün ərzində həm yay istisini, həm də payız ab-havasını eyni gündə yaşadır.
Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Əslində bu cür hava şəraiti yaz fəslinə xarakterikdir. Sadəcə olaraq, son aylarda, xüsusilə aprel və may aylarında yağıntının miqdarı normadan xeyli artıq oldu. Bu göstərici təkcə aylıq deyil, hətta bəzi hallarda illik normanı da keçdi.

Əsas səbəblərdən biri iqlim dəyişiklikləri və bunun yaratdığı kəskin temperatur fərqləridir. Temperaturun qısa müddətdə 30 dərəcəyə qədər yüksəlməsi sürətli buxarlanmaya səbəb olur. Nəticədə atmosferdə toplanan rütubət qısa müddət ərzində intensiv yağışlarla müşahidə edilir.
Bu cür hava şəraiti ümumilikdə yaz mövsümü üçün normal sayılsa da, həddindən artıq istiləşmə, temperatur artımı və bunun yaratdığı intensiv buxarlanma nəticəsində yaranan güclü yağıntıları tam norma hesab etmək olmaz. Düşünürəm ki, havaların bu cür qeyri-sabit keçməsi bundan sonra da davam edəcək. Çünki iqlim dəyişikliyi artıq özünü açıq şəkildə göstərir".
Elmir Heydərli
13:40 28.05.2026
Oxunuş sayı: 78