Prezident Administrasiyasında VHP sədri ilə görüş keçirilib
Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Vətəndaş Həmrəyliyi Partiyanın sədri Sabir Rüstəmxanlı ilə görüşüb.
Bu barədə Crossmedia az-a partiyadan bildirilib. Görüşdə Partiya sədrinin müavini, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı da iştirak edib.
Ölkədə siyasi dialoq mühitinin təşviq olunması ilə bağlı dövlətin təşəbbüsləri və bu cür təşəbbüslərdə siyasi partiyalara ayrılmış rol, sağlam siyasi mühitin yaradılması prosesinin zərurəti, milli maraqların toxunulmazlığı naminə əməkdaşlıq, milli həmrəyliyin təminatında, habelə dayanıqlı demokratik ənənələrin inkişafında siyasi partiyaların rolu, o cümlədən ölkə həqiqətlərinin təbliğində ziyalıların rolu kimi məsələlər görüş zamanı geniş müzakirə olunub.
Siyasi partiyaların inkişafına ölkə rəhbərliyi tərəfindən ayrılan xüsusi diqqətin əhəmiyyətini qeyd edən Partiya sədri bildirib ki, yaradılmış mühit cəmiyyətdə olan potensialların səfərbər olunmasında müstəsna rola malikdir. Mövcud istiqamətə verilmiş ən kiçik töhfənin böyük nəticələrə səbəb olduğunu bildirən S.Rüstəmxanlı gənc nəslin də bu proseslərə cəlb olunmasının vacibliyini qeyd etmişdir.
S.Rüstəmxanlı rəhbərlik etdiyi Partiya tərəfindən həyata keçirilən layihələrdə dövlətin dəstəyini hər zaman gördüyünü və buna görə də ölkə rəhbərliyinə minnətdar olduğunu qeyd etmişdir. Görüşdə həmçinin Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra cəmiyyətdə yaşanan milli birliyin bundan sonra da qorunmasında siyasi partiyaların rolu bir daha qeyd olunmuşdur.
Sabir Rüstəmxanlı Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunmasına görə öz dərin təşəkkürünü bildiib və qeyd edib ki, sözügedən fakt ölkə rəhbərliyinin mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafına müstəsna diqqətinin təcəssümüdür.
Prezident Administrasiyasının rəsmisi milli maraqların qorunması yolunda Vətəndaş Həmrəyliyi Partiyasına uğurlar arzulayıb.
10:08 26.05.2026
Oxunuş sayı: 49