Trampdan yeni Yaxın Şərq planı - İsrailin tanınması gündəmdə
ABŞ prezidenti Donald Trampın Vaşinqton və Tehran arasında mümkün razılaşma əldə olunacağı təqdirdə Qətər, Pakistan və Səudiyyə Ərəbistanından İsraili tanımağı istədiyi bildirilir.
Məlumatlara görə, Tramp region ölkələrinin İsraillə münasibətləri normallaşdırmasını Yaxın Şərqdə yeni siyasi və təhlükəsizlik mərhələsinin əsas elementlərindən biri hesab edir.
Bu məsələ regionda geniş müzakirələrə səbəb olub. Xüsusilə Qətər, Pakistan və Səudiyyə Ərəbistanının uzun illərdir Fələstin məsələsinə həssas yanaşması fonunda belə bir addımın nə dərəcədə real olduğu maraq doğurur. Digər tərəfdən, ABŞ-İran münasibətlərində mümkün yumşalma və regionda siyasi balansın dəyişməsi həmin dövlətlərin mövqeyinə də təsir göstərə bilər.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu Crossmedia.az-a açılama verib:

“Ümumiyyətlə, vaxtilə ABŞ tərəfindən bu məsələ ilə bağlı müəyyən yanaşmalar ortaya qoyulub və təşkilatın qəbul etdiyi əsas prinsip mövcuddur. Həmin prinsip iki dövlət prinsipidir.
Yəni həm Fələstin dövlətinin, həm də İsrail dövlətinin tanınması nəzərdə tutulur. Hesab edirəm ki, məsələyə bütövlükdə bu prinsip əsasında yanaşılarsa, o zaman İsrailin tanınması ilə bağlı ciddi problem yaranmayacaq.
Amma məsələnin digər tərəfi də ondan ibarətdir ki, ABŞ-İran müzakirələrində məhz İsrail dövlətinin tanınması şərt kimi irəli sürülməyib. Yəni hazırkı danışıqlarda belə bir məsələ əsas müzakirə predmeti deyil.
Bildiyimiz kimi, həm İran tərəfinin, həm də ABŞ-nin bu məsələlərlə bağlı öz prioritetləri və yanaşmaları mövcuddur. Hazırda əsas müzakirə mövzuları Hörmüz boğazının açıq qalması və İranın nüvə proqramıdır. Artıq həm ABŞ tərəfinin, həm də İran tərəfinin açıqlamalarından görünür ki, Hörmüz boğazının fəaliyyəti ilə bağlı müəyyən ortaq nöqtənin tapılmasına tərəflər kifayət qədər yaxındırlar.
Eyni zamanda, uzun müddətdir ki, tərəflər arasında açıq silahlı qarşıdurma vəziyyəti də müşahidə olunmur. Çox güman ki, bundan sonra da proses birbaşa hərbi qarşıdurma mərhələsinə keçməyəcək”.
Politoloq əlavə edib ki, tərəflərin vəziyyəti yenidən gərginləşdirəcək addımlar atacağını düşünmürəm. Çünki hazırkı mərhələdə nə İran, nə də ABŞ münaqişənin yenidən açıq silahlı fazaya keçməsində maraqlıdır.
Bu baxımdan, konkret olaraq İsrail dövlətinin tanınmasının adıçəkilən dövlətlər qarşısında əsas şərt kimi qoyulması da mənə çox inandırıcı görünmür. Amma məsələnin başqa tərəfləri də var.
Məsələn, Səudiyyə Ərəbistan ilə ABŞ arasında kifayət qədər isti münasibətlər mövcuddur və hesab edirəm ki, müəyyən fərqli şərtlər daxilində həmin dövlətlərdən İsrailin tanınması istənilə bilər. Bu isə ciddi mübahisə doğurmaya bilər.
Əgər ayrıca Pakistan nümunəsinə baxsaq, düşünürəm ki, Pakistan da iki dövlət prinsipini dəstəkləyəcək. Ümumiyyətlə, Yaxın Şərqdə əksər dövlətlərin yanaşması ondan ibarətdir ki, regionda münaqişə potensialının azaldılmasının əsas yolu məhz məsələyə iki dövlət prinsipi çərçivəsində yanaşmaqdır.
BMT də bu prinsipi dəstəkləyir. Bildiyiniz kimi, əksər Avropa dövlətləri də eyni mövqedən çıxış edirlər. Amma hazırkı beynəlxalq və regional şərtlər fərqli yanaşmaların da ortaya çıxmasına səbəb ola bilər. Hesab edirəm ki, bu baxımdan ABŞ ilə İran arasında aparılan müzakirələrin xarakteri həlledici amillərdən biri olacaq”.
Ayhan
13:36 25.05.2026
Oxunuş sayı: 45