Sidneydə 19 May Atatürk Anım və Gənclik Bayramı keçirilib
Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) yaydığı məlumata görə, tədbir Avstraliyanın Sidney şəhərində baş tutub. Mərasimə rəsmi dəvətlə GADTB-nin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avstraliya Azərbaycan Dərnəyinin sədri Mikayıl bəy Oyta qatılıb.
Crossmedia.az xəbər verir ki, o, çıxışı zamanı 19 may 1919-cu ilin türk tarixində xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, Qazi Mustafa Kamal Atatürkün Samsuna getməsi bir millətin yenidən dirçəlişinin, istiqlal əzminin və gəncliyə olan böyük inamın rəmzinə çevrilib.
Mikayıl Oyta çıxışında Türkiyə ilə Azərbaycan arasındakı “Bir millət, iki dövlət” anlayışının ortaq tarixə və qardaşlıq bağlarına söykəndiyini qeyd edib. O deyib ki, gənclərin üzərinə düşən əsas vəzifə yalnız keçmişi xatırlamaq deyil, həm də daha güclü, daha ədalətli və daha düşüncəli gələcək qurmaqdır.
Çıxışının sonunda Mikayıl bəy Oyta başda Mustafa Kamal Atatürk olmaqla milli mübarizə qəhrəmanlarını ehtiramla anıb, iştirakçıların bayramını təbrik edib.
Tədbirdən görüntülər də yayılıb.
Fatimə
10:00 21.05.2026
Oxunuş sayı: 209