Ermənistan gec- tez anlayacaq ki, onun təhlükəsizliyi Azərbaycan və Türkiyə ilə münasibətlərindən asılıdır - Partiya sədri
Regional sülhün və iqtisadi inteqrasiyanın formalaşmasında Bakı və Ankara xətti növbəti tarixi qərara imza atır. Uzunillik fasilədən sonra Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin bərpası istiqamətində hazırlıqların tamamlanması, sadəcə iki ölkə arasındakı münasibətlərin yumşalması deyil, regionun gələcək xəritəsini cızan böyük bir strategiyanın tərkib hissəsidir. Azərbaycan və Türkiyənin tam koordinasiyalı şəkildə həyata keçirdiyi bu proses, İrəvan üçün həm iqtisadi dirçəliş, həm də real təhlükəsizlik zəmanəti vəd edən yeni bir reallığın qapılarını açır.

Məsələ ilə bağlı iqtisadçı, REAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib: "Türkiyə ilə Ermənistan arasında əlaqələrin koordinasiyası Bakı və Ankara üzərindən həyata keçirilir. Yəni Bakı və Ankara bu addımları birgə koordinasiya edir. Doğru olan da budur. Ermənistanla sərhəddə yumşalmanın olması, ticarət əlaqələrinin yaranması Bakı və Ankaranın birgə qərarıdır. Çünki Azərbaycan da artıq Ermənistanla müəyyən ticarət münasibətləri qurub. İlin əvvəlindən Ermənistana ixracatımız 6 milyon dollara çatır. Bir neçə il bundan qabaq bunu təsəvvür etmək belə mümkün deyildi. Azərbaycan, həmçinin tranzit ölkə kimi Ermənistana gedən yüklərin öz ərazisindən keçməsinə icazə verib. Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması bölgədə ümumi sülhün bərqərar olmasına şərait yaradan amillərdən biridir. Ermənistan da gec-tez anlayacaq ki, onun təhlükəsizliyi Azərbaycan və Türkiyə ilə münasibətlərindən asılıdır. Yəni təhlükəsizliyi başqa yerdə axtarmağa ehtiyac yoxdur. Azərbaycan və Türkiyə ilə normal münasibətlərin olması onların təhlükəsizliyinin zəmanətidir, həm də iqtisadi inkişaflarına təməl yaradan amildir".
Turqut Ansari
19:20 18.05.2026
Oxunuş sayı: 44