Türk dünyasının 360 milyonluq gücü - yeni geosiyasi reallıq
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq nüfuzunun və qlobal proseslərdə rolunun getdikcə artdığını bildirib.
Qazaxıstanın Türküstan şəhərində keçirilən TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edən dövlət başçısı təşkilat daxilində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycan TDT-yə sədrliyi qəbul etdikdən sonra Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
İlham Əliyev “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” deyərək Azərbaycanın bu məqsəd naminə səylərini davam etdirəcəyini diqqətə çatdırıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qazaxıstanın Türkistan şəhərində keçirilən qeyri-rəsmi Zirvə toplantısında cənab Prezident İlham Əliyev olduqca mühüm mesajlar səsləndirdi. Bu mesajlar bilavasitə Türk dünyasının gələcək inteqrasiyasının sürətlənməsinə, eyni zamanda Türk dövlətləri arasında həmrəyliyin daha da dərinləşməsinə xidmət edən vacib fəaliyyət istiqamətlərini ortaya qoymuş oldu.
Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Bu fikrin kifayət qədər ciddi siyasi və geostrateji əsasları mövcuddur.
Nəzərə almaq lazımdır ki, hazırda beynəlxalq münasibətlər sistemində mühüm dəyişikliklər baş verir və bu proseslərin əsas mahiyyətini yeni dünya nizamının formalaşması təşkil edir. Mövcud beynəlxalq sistem yeni siyasi və iqtisadi formatlara transformasiya olunur, regionların və regional təşkilatların rolu isə getdikcə daha da artır.
Bu baxımdan, Türk Dövlətləri Təşkilatı da beynəlxalq münasibətlər sistemində gündəliyi müəyyənləşdirən mühüm regional platformalardan birinə çevrilməkdədir. Türk dünyasını birləşdirən ortaq dil, mədəniyyət, tarix və etnik bağlılıqlar isə bu birliyin əsas sütunlarını təşkil edir.
Dünyada çox az regional birlik mövcuddur ki, onun daxilində bu qədər dərin tarixi və mənəvi bağlılıq olsun. Məhz bu amillər Türk dünyasının inteqrasiyasını daha da gücləndirən əsas faktorlardır.
Eyni zamanda, Türk dünyası yalnız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin inzibati sərhədləri ilə məhdudlaşmır. Bu, çox geniş coğrafiyanı əhatə edən böyük bir sivilizasiya məkanıdır.
Əgər bu gün təşkilata üzv dövlətlərin əhalisinin ümumilikdə 180 milyona yaxın olduğunu nəzərə alsaq, ümumilikdə türksoylu xalqların sayının 350-360 milyondan artıq olduğu aydın görünür.
Bu isə Türk dünyasının həm siyasi, həm iqtisadi, həm də geostrateji baxımdan böyük potensiala malik olduğunu göstərir.
Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən inkişaf strategiyaları da məhz həmin potensialın daha səmərəli şəkildə reallaşdırılmasına xidmət edir.
Nəticə etibarilə, bütün bu proseslər Türk dünyasının XXI əsrdə nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməsini şərtləndirən əsas amillər kimi çıxış edir".
Elmir Heydərli
13:58 18.05.2026
Oxunuş sayı: 63