TBMM deputatı Sidneydə Azərbaycan və türk icması ilə görüşdü
Türkiyə Böyük Millət Məclisinin deputatı və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti ilə tanınan ictimai-siyasi xadim Serkan Bayram Avstraliyaya səfəri çərçivəsində Sidney şəhərində Azərbaycan və türk icmasının nümayəndələri ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüş zamanı millət vəkilinin həyat hekayəsindən bəhs edən filmin Sidney şəhərində nümayişi təşkil olunub.
Tədbir iştirakçıları ekran işini böyük maraq və rəğbətlə qarşılayıblar. Çıxışlarda bildirilib ki, Serkan Bayramın həyat yolu əzm, iradə və mübarizənin parlaq nümunəsidir. Qeyd olunub ki, o, qarşılaşdığı çətinliklərə baxmayaraq geri çəkilməyərək Türkiyədə mühüm uğurlar qazanıb və dövlət səviyyəsinə qədər yüksəlməyi bacarıb.
Tədbirdə xüsusilə fiziki məhdudiyyətli insanlara verdiyi ümid və motivasiyanın cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.
Sidneydə keçirilən görüşün Azərbaycan və türk icması üçün yaddaqalan və dəyərli anlardan biri olduğu qeyd edilib.
08:00 12.05.2026
Oxunuş sayı: 262