Rusiya-Ukrayna münaqişəsində atəşkəs niyə nəticə vermir?
Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın atəşkəs təklifini “qəribə” adlandırması Rusiya-Ukrayna münaqişəsi ətrafında diplomatik ritorikanın yenidən gərginləşdiyini göstərir.
Müharibə başlayandan bəri müxtəlif mərhələlərdə atəşkəs və danışıqlarla bağlı təşəbbüslər gündəmə gəlsə də, tərəflər arasında qarşılıqlı etimadsızlıq bu cəhdlərin davamlı nəticə verməsini çətinləşdirib.
Bu fonda Ukrayna rəhbərliyinin atəşkəs təkliflərinə yanaşması və onların qəbul edilməməsi məsələsi beynəlxalq ictimaiyyətdə yeni suallar doğurur.
Xüsusilə də, müharibənin uzanması fonunda Ukraynanın real olaraq sülhə və atəşkəsə nə dərəcədə ehtiyac duyduğu və bu prosesin hansı şərtlərlə mümkün ola biləcəyi yenidən müzakirə mövzusuna çevrilir.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlama verib:

“Rusiya-Ukrayna münaqişəsində atəşkəsin əldə olunması hələ sülhün təmin olunması demək deyil. Məsələnin köklü şəkildə həlli üçün Rusiyanın irəli sürdüyü şərtlərin qəbul edilməsi vacibdir. Atəşkəs sadəcə müəyyən müddətlik fasilə, yəni növbəti hərbi əməliyyatlara hazırlıq üçün götürülən “time-out” xarakteri daşıyır.
Bu barədə kifayət qədər təcrübə mövcuddur. İstər İsrail-Fələstin münasibətlərində, istərsə də Azərbaycanla Ermənistan arasında təxminən 30 il davam edən atəşkəs dövründə göründü ki, atəşkəs problemin tam həlli anlamına gəlmir.
Rusiya ümumilikdə sadəcə atəşkəsin deyil, məsələnin kompleks şəkildə həllinin tərəfdarı olduğunu göstərir. Rusiyanın şərtləri qəbul edilmədikcə nə uzunmüddətli atəşkəs, nə də davamlı sülh mümkün görünür. Çünki Rusiya bu münaqişədə həm hərbi, həm də siyasi müstəvidə üstün mövqedədir”.
Politoloq əlavə edib ki, hazırkı beynəlxalq münasibətlər sistemi artıq beynəlxalq hüquq prinsipləri ilə deyil, daha çox güc amili ilə tənzimlənir:
“Bunu həm İran-ABŞ münasibətlərində, həm də Rusiya-Ukrayna müharibəsində müşahidə edirik. Yəni problemin beynəlxalq hüquq çərçivəsində həllindən daha çox, mövcud reallıqların nəzərə alınması ön plana çıxır.
Bu baxımdan, problemin həlli üçün Rusiyanın irəli sürdüyü şərtlərin qəbul edilməsinin vacibliyi vurğulanır. Digər mühüm məsələ isə münaqişəni yaradan səbəblərin aradan qaldırılmasıdır.
Təəssüf ki, bu gün həmin səbəblər ətrafında geniş müzakirələr aparılmır. Ukrayna Prezidenti Volodimir Zelenskinin də müstəqil siyasi qərar verən lider olmadığı, daha çox Qərbin təsiri altında hərəkət etdiyi iddia olunur.
Bildirilir ki, Zelenski Ukrayna xalqının və dövlətinin maraqlarından çox, Qərbin siyasi maraqlarına uyğun davranır və Qərbdən gələn siyasi istiqamətlərə uyğun addımlar atır.
Əgər Zelenski Ukraynanın milli maraqlarını əsas götürsəydi, bu münaqişənin baş verməsinin qarşısını almaq mümkün olardı. Bu səbəbdən, Ukraynada baş verən hadisələrin məsuliyyətində Zelenskinin də pay sahibi olduğu qeyd edilir”.
Politoloq həmçinin bildirib ki, ümumilikdə isə mövcud problemin həlli üçün ilk növbədə münaqişəni yaradan səbəblərə siyasi qiymət verilməli və reallıq nəzərə alınmalıdır:
“Atəşkəs isə müvəqqəti xarakter daşıyır və tərəflərin daha çox siyasi məqsədlər üçün, beynəlxalq ictimai rəyə təsir göstərmək naminə verdiyi mesaj kimi qiymətləndirilir. Daha əvvəl də dini bayramlar və beynəlxalq tədbirlər zamanı müvəqqəti atəşkəslər elan olunub. Lakin bunlar uzunmüddətli nəticə verməyib və sadəcə növbəti mərhələyə hazırlıq xarakteri daşıyıb.
Ümumiyyətlə, nə Rusiya, nə də Zelenski hazırkı mərhələdə tam mənada atəşkəsdə maraqlı görünür. Problemin həlli üçün isə Rusiyanın şərtlərinin qəbul edilməsinin vacibliyi vurğulanır”.
Ayhan
13:45 08.05.2026
Oxunuş sayı: 53