Bircə Hantavirusumuz çatmırdı - yeni epidemiya təhlükəsi
İsraildə Şərqi Avropadan gələn pasiyentdə ilk hantavirus halının aşkarlanması səhiyyə qurumlarında ciddi narahatlıq yaradıb.
Yerli mətbuatın yaydığı məlumata görə, virus ilkin mərhələdə yüksək hərarət, halsızlıq və ürəkbulanma kimi qripə bənzər simptomlarla özünü göstərsə də, qısa müddətdə ağır fəsadlara səbəb ola bilir.
Mütəxəssislər bildirirlər ki, hantavirus bəzi hallarda ağciyərlərin ciddi zədələnməsi və tənəffüs çatışmazlığı ilə nəticələnə bilər. Həkimlər xüsusilə ağır klinik vəziyyətlərdə ölüm riskinin bir neçə saat və ya gün ərzində baş verə biləcəyi barədə xəbərdarlıq edərək, virusun yalnız çox yaxın təmas zamanı yayıldığını qeyd edirlər.
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Hantavirus əsasən gəmiricilərdə, xüsusilə siçovullarda rast gəlinən virusdur. Bu virus insana da keçə bilir. Yoluxma daha çox gəmiricilərin ifrazatları və ekskrementlərindən yayılan toz hissəciklərinin nəfəs yollarına daxil olması nəticəsində baş verir. Hazırkı mərhələdə virusun genişmiqyaslı pandemiyaya çevrilmə potensialının yüksək olmadığı bildirilsə də, yayılma riski tam istisna edilmir.
Bu virus insanlarda ağır fəsadlar yarada bilər. Yoluxma hallarında ölüm riski bəzi mənbələrə görə 48 faizə qədər yüksələ bilir ki, bu da kifayət qədər ciddi göstəricidir.
Virus xüsusilə, ürək və ağciyər çatışmazlığına səbəb ola bilər. Həkimlər hesab edirlər ki, gigiyena qaydalarına ciddi əməl olunması, yaşayış və ictimai məkanlarda sanitariya nəzarətinin gücləndirilməsi, eləcə də əhalinin maarifləndirilməsi yoluxma riskini minimuma endirməkdə əsas rol oynayır".
Elmir Heydərli
11:13 08.05.2026
Oxunuş sayı: 58