Tikinti obyektlərində 75 qeyri-rəsmi işçi aşkarlanıb
Müvafiq sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində keçirilmiş 39 səyyar yoxlama zamanı 1047 işçidən 75-nin əmək münasibətlərinin müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən fəaliyyətə cəlb olunduğu aşkarlanıb. Nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 18-i haqqında ümumilikdə 92 min 200 manat məbləğdə inzibati cərimə tətbiq edilib.
Crossmedia.az xəbər verir ki, bu, Milli Məclisinin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 8-də keçirilən birgə iclasının gündəliyinə daxil edilmiş İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında yer alıb.
Qeyd edilib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti aidiyyəti qurumlardan daxil olmuş materialların araşdırılması zamanı işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi ilə bağlı 6 fakt aşkarlayaraq aidiyyəti vəzifəli şəxslərə 6000 manat, həmçinin uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi ilə bağlı 1 fakta görə 3300 manat məbləğdə inzibati cərimə tətbiq edib. Bundan əlavə, ixtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1 (sabit) məcburi əmək faktı müəyyən edilərək cinayət işi başlanılıb və aparılmış prosessual araşdırmalarla zərərçəkmiş şəxsin Monteneqroda tikinti sektorunda istismar edildiyi məlum olub.
10:27 08.05.2026
Oxunuş sayı: 46