Bakıda “Türk Dünyasında Transformasiya və İnteqrasiya” konqresi keçirilib
Bakıda “Türk Dünyasında Transformasiya və İnteqrasiya: İqtisadiyyat, Siyasət və Texnologiya” adlı beynəlxalq konqres keçirilib.
Crossmedia.az xəbər verir ki , tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türk dünyasının yeni inkişaf mərhələsinə daxil olduğunu, bu birliyin artıq ortaq gələcək formalaşdıran strateji platforma kimi çıxış etdiyini bildirib. O, İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideyasının Türk Dövlətləri Təşkilatı çərçivəsində real əməkdaşlığa çevrildiyini vurğulayıb.
Çıxışda Azərbaycan-Türkiyə münasibətlərinin Türk dünyası inteqrasiyasının əsas dayağı olduğu, Şuşa Bəyannaməsi ilə əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd olunub. TANAP, Bakı-Tbilisi-Qars və Zəngəzur dəhlizi kimi layihələrin regionun strateji bağlantısını gücləndirdiyi bildirilib.
Həmçinin Cənubi Qafqazda yeni geosiyasi mərhələnin formalaşdığı, bölgənin əməkdaşlıq məkanına çevrilməsinin vacibliyi diqqətə çatdırılıb. Texnologiya, innovasiya, təhsil və rəqəmsal transformasiya Türk dünyasının gələcək inkişafının əsas istiqamətləri kimi göstərilib.
Sonda Türk Dövlətləri Təşkilatının 2040 Vizyonu çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
13:06 06.05.2026
Oxunuş sayı: 54