“Böyük zəfərin memarı” adlı tədbir keçirildi
Mayın 5-i YAP Nərimanov rayon təşkilatı ilə Sənaye və Texnologiya Kollecinin birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Böyük zəfərin memarı” adlı tədbir keçirildi.
Crossmedia.az xəbər verir ki, öncə Dövlət Himni səsləndirildi. Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kollecin direktoru, professor Nasim Abışov keçirilən tədbir haqqında ümumi məlumat verdi və Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətindən danışdı. Sonra tədbirin iştirakçıları, o cümlədən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP-ın İdarə Heyətinin üzvü, millət vəkili Azər Badamov və YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva çıxışlarında bildirdilər ki, Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Həmçinin tədbirin gedişində YAP Nərimanov rayon təşkilatı tərəfindən kollecin bir qrup işçisinə YAP-ın üzvlük vəsiqələri təqdim edildi. Tədbirdə Ulu öndərin həyat və fəaliyyətinə aid videoçarx nümayiş etdirildi, şeir söylənildi, musiqi nömrələri təqdim olundu.
16:30 05.05.2026
Oxunuş sayı: 50