Kaya Kallasın Bakı səfəri münasibətlərdə dönüş yarada biləcəkmi?
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanda səfərdədir.
Xüsusən son günlər Avropa Parlamenti ilə soyuyan münasibətlər fonunda bu səfər maraq doğurur. Görüşdə aparılacaq müzakirələrdən sonra əldə edilməsi ehtimal edilən razılaşma olacaqmı?
Avropa İttifaqı ilə münasibətlərin bu qədər gərgin olduğu bir vaxtda sizcə görüşdə hansı məsələlər müzakirə ediləcək?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azay Quliyev Crossmedia.az-a açıqlama verib:

“Kallasın Azərbaycana səfəri çox həssas zamana təsadüf edir. Avropa Parlamentinin rüsvayçılığından və iflasından sonra Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarının Bakıya səfəri xüsusi əhəmiyyət daşıyır. Bu, ilk növbədə Aİ ilə Azərbaycan arasında əməkdaşlığı pozmaq istəyənlərə tutarlı cavabdır.
İkincisi, bu səfər Azərbaycanın Avropa İttifaqı üçün vazkeçilməz tərəfdaş olduğunu göstərir. Bu gün tərəflər arasında enerji sahəsində, o cümlədən yaşıl enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Zəngəzur dəhlizi, bütövlükdə, Orta Dəhlizin funksionallığının artırılması kimi önəmli məsələlərin müzakirəsi gözlənilir.
Kaya Kallas üzərində başqa bir yük də var. O, sələfi Josep Borrellin Azərbaycana münasibətdə yol verdiyi kobud səhvlərin mənfi nəticələrini tam aradan qaldırmaq üçün daha çox səy göstərməli, Avropa Parlamentinin ölkəmizə qarşı həyata keçirdiyi şər və böhtan kampaniyasının ağır nəticələrinə qatlanmalıdır.
Hər halda bu səfər hər iki tərəfin maraqlarına tam uyğundur və əminəm ki, qarşılıqlı faydası olacaq”.
Ayhan
16:37 05.05.2026
Oxunuş sayı: 130