Azərbaycan idmanı yeni zirvələrdə
Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərlə görüşü ölkədə idmana verilən dəyərin və bu sahəyə göstərilən diqqətin canlı nümunəsidir. Bu görüş həm ir qələbənin qeyd olunması, həm də uzun illər ərzində aparılan məqsədyönlü siyasətin, planlı inkişafın və sistemli yanaşmanın nəticəsinin nümayişidir. Dövlət başçısının idmançılarla səmimi ünsiyyəti, onların uğurlarını yüksək qiymətləndirməsi idmanın cəmiyyət üçün nə qədər önəmli sahə olduğunu bir daha aydın şəkildə göstərir. Bu gün idman artıq sadəcə fiziki fəaliyyət və ya yarışlardan ibarət deyil. O, ölkənin beynəlxalq aləmdə tanıdılmasında, imicinin formalaşmasında və milli kimliyinin təqdimində mühüm rol oynayan güclü vasitəyə çevrilib. Azərbaycan son illərdə bu sahədə böyük irəliləyiş əldə edərək özünü idman ölkəsi kimi təsdiqləyib. Bu uğurların arxasında isə təsadüf deyil, düşünülmüş strategiya, davamlı dövlət dəstəyi və konkret hədəflərə yönəlmiş fəaliyyət dayanır. Ölkədə yaradılan müasir idman infrastrukturu bu inkişafın əsas sütunlarından biridir. Bakı ilə yanaşı, regionlarda da inşa edilən Olimpiya idman kompleksləri, stadionlar və məşq mərkəzləri gənclərin idmana marağını artırmaqla yanaşı, peşəkar idmançıların yetişməsi üçün də geniş imkanlar yaradır. Əvvəllər paytaxtda mövcud olan şərait artıq bölgələrdə də əlçatandır. Bu isə istedadlı gənclərin üzə çıxmasına və onların peşəkar səviyyədə inkişafına ciddi təkan verir. Digər vacib məqam insan amilidir. İdman sahəsində uğur təbii ki, infrastrukturla məhdudlaşmır. Peşəkar məşqçilərin hazırlanması, beynəlxalq təcrübənin öyrənilməsi, idmançıların xarici yarışlarda və təlim-məşq proseslərində iştirakı onların səviyyəsini yüksəldir. Bununla yanaşı, müasir idman elminin tətbiqi, düzgün qidalanma, psixoloji hazırlıq və tibbi dəstək də nəticələrə birbaşa təsir edən amillərdir. Bu kompleks yanaşma Azərbaycan idmançılarının beynəlxalq arenada daha inamla çıxış etməsinə şərait yaradır. Güləşçilərin Avropa çempionatında komanda hesabında çempion olması isə bu inkişafın ən parlaq göstəricilərindən biridir. Güləş Azərbaycanda köklü ənənələrə malik idman növüdür və hər zaman ölkəyə böyük uğurlar qazandırıb. Bu gün əldə olunan nəticələr həm keçmişin təcrübəsinə, həm də müasir hazırlıq sisteminə söykənir. Komanda birinciliyi isə onu göstərir ki, artıq Azərbaycan idmanı artıq fərdi ulduzlarla yanaşı həmdə bütöv və güclü kollektivlə təmsil olunur. Prezidentin idmançılarla görüşü onların əməyinə verilən yüksək qiymətin göstəricisidir. Bu cür diqqət idmançılar üçün həm mənəvi dəstək, həm də gələcək uğurlar üçün əlavə motivasiyadır. Onlar hiss edirlər ki, qazandıqları qələbələr dövlət səviyyəsində qiymətləndirilir və bu, onların məsuliyyətini daha da artırır. Bu görüşlər eyni zamanda cəmiyyətə, xüsusilə gənclərə mühüm mesaj verir. Gənclər görür ki, əzmkarlıq, zəhmət və intizam nəticəsiz qalmır. İdmanla məşğul olmaq sağlam həyat tərzi ilə yanaşı, həm də uğura aparan yollardan biridir. Bu isə idmanın daha da kütləviləşməsinə və sağlam nəslin formalaşmasına müsbət təsir göstərir. Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi də ölkənin bu sahədə qazandığı nüfuzun göstəricisidir. Bakı artıq dünyanın diqqət mərkəzində olan idman şəhərlərindən birinə çevrilib. Burada keçirilən mötəbər yarışlar həm təşkilatçılıq baxımından yüksək qiymətləndirilir, həm də Azərbaycanın beynəlxalq arenada tanıdılmasına xidmət edir. Bu proses yerli idmançıların təcrübə qazanmasına da əlavə imkanlar yaradır. Eyni zamanda idman diplomatiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur. İdman vasitəsilə qurulan əlaqələr, dostluq və əməkdaşlıq mühiti ölkənin mövqeyini daha da gücləndirir. Bu baxımdan hər bir qələbə və idman nailiyyəti Azərbaycanın beynəlxalq nüfuzuna verilən töhfədir. Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycan idmanının bugünkü uğurları planlı və ardıcıl siyasətin nəticəsidir. Avropa çempionatında qazanılan komanda çempionluğu və bu münasibətlə keçirilən görüş bir daha göstərir ki, idman ölkədə prioritet sahələrdən biridir. Mövcud inkişaf tempi və yaradılmış möhkəm baza isə gələcəkdə daha böyük uğurların əldə olunacağına ciddi əsas verir.

Fərid Mustafayev
YAP Yasamal rayon təşkilatının fəalı
18:01 04.05.2026
Oxunuş sayı: 83