İctimai nəqliyyatda kartdan niyə artıq pul çıxılır?
Son günlər ictimai nəqliyyatda — xüsusilə, metro və avtobuslarda bank kartları ilə ödənişlərin icrası zamanı vəsaitin hesabdan çıxılma mexanizmi ilə bağlı müxtəlif suallar və iddialar gündəmə gəlib.
Sərnişinlərin bir hissəsi əməliyyatların dərhal əks olunmadığını, gecikmə ilə silindiyini, bəzən isə eyni gediş üzrə birdən çox çıxılma müşahidə olunduğunu bildirir.
Bu cür hallar ictimai rəyin diqqətini elektron ödəniş sistemlərinin texniki və maliyyə işləmə prinsiplərinə yönəldib.
Texniki baxımdan belə sistemlərdə ödənişlərin emalı yalnız turniket və ya validator səviyyəsində deyil, həm də banklararası klirinq, prosessinq mərkəzləri və təhlükəsizlik yoxlamaları mərhələlərindən keçir.
Məhz bu zəncirvari proses nəticəsində bəzi əməliyyatlar real vaxtda “icra olunmuş kimi” görünsə də, faktiki çıxılma gecikə və ya toplu şəkildə həyata keçirilə bilər.
Bu isə istifadəçidə “gec çıxılma” və ya “artıq silinmə” təəssüratı yarada bilir. Məsələnin dəqiq qiymətləndirilməsi üçün əməliyyat axınının tam monitorinqi, texniki logların analizi və bank-prosessinq uyğunluğunun yoxlanılması vacibdir.
Məsələ ilə bağlı İKT üzrə ekspert Eyvaz Kərimov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bu problemin mahiyyəti ondan ibarətdir ki, sistemdə müəyyən texniki boşluqlar mövcuddur. Əslində, beynəlxalq təcrübəyə əsasən, ödəniş zamanı internet bağlantısında kəsilmə baş verərsə, göndərilən ilk sorğu qeydə alınmalı, növbəti sorğular isə gözləmə rejimində saxlanılmalıdır.
Yəni ikinci sorğu yalnız birinci sorğu təsdiqləndikdən və ya rədd edildikdən sonra icra olunmalıdır. Lakin mövcud sistemdə bu mexanizm düzgün tətbiq edilməyib.
Məsələn, istifadəçi ödəniş etmək üçün cəhd edir və internet problemi səbəbindən ödənişin həyata keçmədiyini düşünərək prosesi təkrar edir. Bu zaman hər bir cəhd ayrıca sorğu kimi sistemdə qeyd olunur. Daha sonra internet bağlantısı bərpa olunduqda və ya sistem aktivləşdikdə həmin sorğular ardıcıl şəkildə icra edilir. Nəticədə isə bir ödəniş əvəzinə iki və ya daha çox məbləğ çıxıla bilər.
Digər bir hal isə odur ki, istifadəçinin internetində heç bir problem olmur və o, ödənişi bir dəfə həyata keçirərək dərhal keçid alır. Lakin buna baxmayaraq, ödəniş məbləği dərhal hesabdan çıxılmır, müəyyən gecikmə ilə – məsələn, gün ərzində və ya daha gec saatlarda – balansdan silinir. Bəzi hallarda isə eyni əməliyyatın iki dəfə çıxıldığı müşahidə olunur.
Bu vəziyyətdə əsas məsələ ondan ibarətdir ki, istifadəçi yalnız bir dəfə əməliyyat həyata keçiribsə və təkrar cəhd etməyibsə, yaranan problem artıq istifadəçi ilə deyil, sistemin özü ilə bağlıdır.
Ümumilikdə, bu problemin iki əsas səbəbi ola bilər:
İstifadəçi tərəfində internet bağlantısının qeyri-sabit olması;
Qarşı tərəfin, yəni ödəniş sisteminin texniki çatışmazlıqları.
Lakin qeyd etmək vacibdir ki, istifadəçi tərəfində problem olsa belə, sistem elə qurulmalıdır ki, bir ödəniş üzrə bir neçə sorğunun paralel icrasına imkan verilməsin. Yəni istifadəçi bir dəfə ödəniş etdikdə, həmin sorğu təsdiqlənmədən və ya rədd olunmadan növbəti əməliyyatın həyata keçirilməsinə icazə verilməməlidir.
Məsələn, istifadəçi NFC vasitəsilə ödəniş etdikdə, sistem əvvəlcə ödənişi təsdiqləməli, yalnız bundan sonra istifadəçiyə keçid imkanı təqdim etməlidir. Əgər bu təsdiq prosesi tamamlanmayıbsa, sistem təkrar ödəniş cəhdlərini avtomatik şəkildə bloklamalıdır".
Elmir Heydərli
14:40 04.05.2026
Oxunuş sayı: 72