İctimai nəqliyyatda sərnişinlərin kartından əlavə pul çıxılır?
Son günlər ictimai nəqliyyatda tətbiq olunan bank kartı ilə ödəniş sistemi sərnişinlər arasında ciddi narazılıq yaradıb. Bir neçə ay əvvəl müsbət qarşılanan bu yenilik hazırda vətəndaşların şikayətlərinə səbəb olur.
Sərnişinlər bildirirlər ki, eyni gün ərzində bank kartlarından dəfələrlə, bəzi hallarda isə 15–20 dəfəədək ödəniş çıxılır. Halbuki həmin şəxslər iddia edirlər ki, bu qədər səfər etməyiblər və ya ümumiyyətlə metrodan istifadə etməyiblər.
Bu vəziyyət vətəndaşlar arasında çaşqınlıq yaradıb və sistemin düzgün işləməməsi ilə bağlı suallar doğurub. İstifadəçilər hesab edirlər ki, kartlardan yersiz və təkrarlanan məbləğlərin çıxılması texniki problem və ya sistem xətası ilə bağlı ola bilər. Nəticədə, ilkin mərhələdə rahatlıq yaradan bu ödəniş üsulu hazırda etimad probleminə çevrilib və sərnişinlər məsələ ilə bağlı aidiyyəti qurumların açıqlama verməsini gözləyirlər.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, vergi, audit ve mühasibat üzrə ekspert Şamxal Kərimov Crossmedia.az-a açıqlamasında vurğulayıb ki, son dövrlərdə ictimai nəqliyyatda bank kartları və NFC ilə ödənişlər zamanı hesabdan təkrar və ya artıq məbləğ çıxılması ilə bağlı narazılıqlar artıb: " Bu hallar istifadəçilərdə haqlı olaraq sual yaradır, lakin praktikada belə vəziyyətlər birbaşa ikiqat ödəniş kimi qiymətləndirilməməlidir. Ehtimal olunan əsas səbəblərdən biri ödənişlərin dərhal deyil, müəyyən gecikmə ilə emal olunmasıdır. Yəni istifadəçi gediş zamanı kartdan keçid edir, lakin vəsait bank tərəfindən sonradan tutulur. Bu halda bir neçə əməliyyat ardıcıl və ya toplu şəkildə çıxıldıqda istifadəçidə təkrar ödəniş təəssüratı yarana bilər. Bununla belə, əsas problem texniki səbəbdən daha çox şəffaflıq məsələsidir. İstifadəçi etdiyi ödənişi real vaxtda aydın görə bilmədikdə bu, etimad probleminə çevrilir. Rəqəmsal ödəniş sistemlərində hər əməliyyatın səbəbi istifadəçi üçün açıq və başa düşülən olmalıdır".
Mütəxəssis əlavə edib: "Həm banklar, həm də nəqliyyat operatorları real vaxt bildirişlərini və əməliyyat izahlarını gücləndirməlidir. Gecikmiş əməliyyatlar ayrıca göstərilməli, təkrar oxunuşların qarşısını alan nəzarət mexanizmləri təkmilləşdirilməlidir. İstifadəçilərə isə tövsiyə olunur ki, şübhəli əməliyyat olduqda bank tətbiqi üzərindən yoxlama aparsın, zərurət yaranarsa banka və ya xidmət təminatçısına rəsmi müraciət etsin və lazım olduqda ödənişin geri qaytarılması prosedurundan istifadə etsin. Texniki düzgünlük kifayət deyil, sistemə inam şəffaflıqla qazanılır".

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə qeyd edib ki, bu növ şikayətlər haqlıdır və çaşqınlıq yaradır: “Yaxşı olar ki, gecikmiş hesabat gəldikdə icra olunduğu tarix və marşrut dəqiq qeyd olunsun ki, çaşqınlıq yaranmasın. Hesab edirəm ki, yaxın zamanda bu məsələ öz həllini tapacaq. Dünyanın digər tərəflərində ödənişlərin fərqli növləri var. Məsələn, bizim Bakı Kart kimi bir çox şəhərlərin öz kartı olur və o, anında ödəniş keçir.
Amma bank ödənişləri, istər bank kartı ilə olsun, istərsə də Google Pay, Apple Pay kimi sistemlərlə olsun, onların ötürülmə müddəti bir az daha gec olur, yəni anında keçmir. Sərnişin axınının çoxluğunu nəzərə alaraq əməliyyatı icra edirlər, amma onun hesabat hissəsi, yəni arxada bizim görmədiyimiz hissəsi bir az vaxt alır.
Bizdə də oxşar problemlər var. Sadəcə onun həlli istiqamətində qeyd etdiyim məsələ təxirə salınmadan aradan qaldırılmalıdır. İşlər son mərhələdədir və tezliklə biz bunu görəcəyik”.

Məsələni daha dəqiq araşdırmaq üçün Kapital Bankın mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan soruğumuza cavab olaraq bildirildi: "Bu haqda dəfələrlə açıqlama verilib. İctimai nəqliyyatda gediş haqqının ödənilməsi, həmçinin NFC/QR texnologiyaları vasitəsilə həyata keçirilən ödənişlərin texniki tərəfləri Bakı Metropoliteni və BakıKart sisteminin idarəçiliyindədir. Bank olaraq bizə ötürülən əməliyyat məlumatları əsasında yalnız müəyyən edilmiş məbləğin müştərinin hesabınızdan silinməsi prosesini icra edirik. Bu səbəbdən, yaranmış vəziyyətlə bağlı ətraflı məlumat almaq və məsələni dəqiqləşdirmək üçün BakıKart-a müraciət edilməlidir".
Fatimə
19:18 02.05.2026
Oxunuş sayı: 176