Bayrağa hörmətsizlik - cəza, yoxsa maarifləndirmə daha effektlidir?
Bir neçə gün əvvəl sosial şəbəkələrdə Sumqayıtda bir vətəndaşın Azərbaycan bayrağına qarşı etdiyi hörmətsizlik ciddi etirazlara səbəb olub.
Bayrağa hörmətsizlik edən şəxsə vətəndaşlar müdaxilə ediblər və hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə bir sual yaradır ki, cəmiyyət bu kimi hallara qarşı necə reaksiya verməlidir?
Mövzu ilə bağlı fəlsəfə doktoru, dosent Faiq Ələkbərli Crossmedia.az-a açıqlama verib:

“Dövlət atributlarımızla bağlı təbliğatı daha da gücləndirməliyik. Xüsusilə, orta məktəblərdə dövlət atributlarımız, o cümlədən bayrağımız haqqında daha dərin və sistemli biliklər verilməlidir. Eyni zamanda, bu istiqamətdə işlər kütləvi informasiya vasitələrində, mediada da kifayət qədər və davamlı şəkildə aparılmalıdır.
Dövlət təbliğatı daha güclü və daha yüksək səviyyədə qurulmalıdır. Əgər kimlərsə bu məsələdə sayğısızlıq göstərirsə və bu kimi addımlar atırsa, əlbəttə, onlara qarşı müəyyən tədbirlər görülməlidir. Lakin burada yanaşma sərt cəza formasında deyil, daha çox mədəni şəkildə maarifləndirmə yolu ilə olmalıdır. Bu, daha məqsədəuyğun və effektiv nəticə verə bilər”.
Alim əlavə edib ki, belə halların bir daha baş verməməsi üçün təbliğat və maarifləndirmə işlərini daha güclü şəkildə qurmalıyıq: “Bu, daha doğru və səmərəli yanaşma olar. Bayrağımıza və ümumilikdə dövlət atributlarımıza qarşı hər hansı vətəndaş tərəfindən hörmətsizlik hallarının təkrarlanmaması üçün maarifləndirməyə xüsusi üstünlük verilməlidir.
Qeyd etdiyimiz kimi, həm orta və ali təhsil müəssisələrində, həm də mediada – bütün vasitələrdən istifadə etməklə dövlət atributlarına, o cümlədən bayrağımıza olan sevgi və hörmət daha yüksək səviyyədə formalaşdırılmalıdır. Ümid edirəm ki, bu istiqamətdə işlər düzgün qurularsa, belə hallarla bir daha qarşılaşmarıq. Ümumilikdə isə vətəndaşlıq, millətsevərlik və vətənpərvərlik hisslərinin gücləndirilməsi bu məqsədə çatmaq üçün ən doğru və məntiqli yoldur”.
Ayhan
14:50 02.05.2026
Oxunuş sayı: 463