Azərbaycan–Ermənistan təmasları - Şahin Mustafayevin səfəri nə vəd edir?
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri regionda normallaşma prosesinin yeni mərhələyə keçdiyini göstərən mühüm diplomatik addım kimi qiymətləndirilir.
Bu cür təmaslar tərəflər arasında etimad mühitinin formalaşması və sülh gündəliyinin irəlilədilməsi baxımından diqqət çəkir. Lakin əsas sual budur: bu proseslər həqiqətən sürətlənmiş normallaşmadan xəbər verirmi və cari il ərzində dayanıqlı sülh razılaşması ilə nəticələnə bilərmi?
Mövzu ilə bağlı Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı Crossmedia.az-a açıqlama verib:

“Hər halda indiki durum həm Azərbaycan üçün, həm də Ermənistan üçün son dərəcə önəmli və əhəmiyyətlidir. Qan tökülmür, müharibə getmir, hər kəs öz sərhədləri daxilində sülh şəraitində yaşayır.
Üstəlik, müəyyən addımlar atılır: iqtisadi əlaqələrin qurulur, yolların açılması istiqamətində irəliləyişlər müşahidə olunur. İnsanların gediş-gəlişi artır, qeyri-hökumət təşkilatlarının və nümayəndələrin Azərbaycana səfərləri baş tutur.
Eyni zamanda, Azərbaycanın qeyri-hökumət təşkilatları və nümayəndələri də Ermənistana gedir. Bu hadisələr baş verməlidir, çünki normal qonşuluq münasibətləri formalaşmalıdır. Bu, zamanla daha da möhkəmlənəcək və müəyyən mənada proseslər irəliləyəcək. Get-gəlin artması, əlaqələrin dərinləşməsi və sülhə doğru addımların atılması vacib istiqamətlərdəndir”.
S.Rüstəmxanlı əlavə edib ki, Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri də bu baxımdan təbii ki, təqdir olunmalı və müsbət qiymətləndirilməli bir hadisədir.
Gələcəkdə bu proseslərin necə inkişaf edəcəyi isə müəyyən dairələrdən asılıdır. Sülh müqaviləsinə qarşı çıxan, regionda yeni müharibə ehtimalını gündəmdə saxlamağa çalışan, yaxud Qarabağ iddiasından əl çəkməyən qüvvələr mövcuddur.
Xüsusilə də, Qarabağda qan tökülməsini dəstəkləyən keçmiş mövqelərin təsiri hiss olunur. Eyni zamanda Fransa, Rusiya və digər bəzi ölkələrin Ermənistana silah tədarükü məsələsi də “müdafiə” adı altında təqdim olunsa da, əslində bu proseslərin arxasında başqa məqsədlərin olduğu barədə fikirlər mövcuddur.
Ermənistanda revanşist meyillərin mövcudluğu yeni müharibə riskini gündəmdə saxlayan amillərdən biri kimi dəyərləndirilir. Bununla belə, Ermənistanda da mövcud vəziyyətin alternativsiz olduğunu anlayan, bu günün dəyərini bilən və yeni müharibəyə imkan verilməməli olduğunu düşünən qüvvələr var.
Onlar hesab edirlər ki, sülh prosesini qorumaq və inkişaf etdirmək yeganə düzgün yoldur. Hər halda, proseslər normal istiqamətdə gedir və ümid edilir ki, gələcəkdə daha müsbət nəticələr əldə olunacaq”.
Ayhan
13:17 01.05.2026
Oxunuş sayı: 68