Şəhid Səbuhi Əhmədovun xatirəsi yad edildi
Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə apardığımız haqq-ədalət mübarizəsində iştirak edən, Kəlbəcər rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olan Vətən övladlarının arasında Səbuhi Fuad oğlu Əhmədovun da adı hörmətlə qeyd olunur. Səbuhi 1996-cı il dekabrın 21-də Sumqayıt şəhərində doğulub. Uşaq yaşlarında ikən valideynlərini itirdiyinə görə kiçik qardaşı Sənanla birlikdə Bakı Sos Uşaq kəndində böyüyüb və orta təhsilini də burda alıb. Azərbaycan İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecini bitirib. 2020-ci ilin əvvəllərində Azərbaycan Ordusu sıralarına daxil olub və gizir rütbəsində xidmətə başlayıb. Həmin ilin sentyabr ayında başlanan II Vətən savaşında iştirak edib. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcər rayonu istiqamətində təxribat törədən erməni silahlı birləşmələrinə qarşı aparılan mübarizə zamanı şəhid olub. Bakıda, Hərbi Memorial Məzarlıqda dəfn olunub. Subay idi.
Crossmedia.az xəbər verir ki, aprelin 30-da Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi və "Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin birgə təşkilatçılığı ilə Şəhid Səbuhi Əhmədovun xatirəsinə həsr olunan tədbir keçirildi. Tədbiri "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəq.lik sükutla yad edildi. Ş.Sabiroğlu şəhid Səbuhi Əhmədovun ömür yolu barədə qısa məlumat verdi. Daha sonra videoçarx nümayiş olundu. Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Ceyhun Məmmədovun köməkçisi Maqsud Əhmədzadə, "Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin sədri Aynur İsayeva, Qida Sənayesi Kollecinin direktor müavini Aytən Ağayeva, ictimai xadim Salman Əliyev, yazıçı - publisist Mətanət İmamquliyeva, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Qadınlar Şurası sədrinin müavini Aynurə Rüstəmova, AMEA Tarix İnstitutunun elmi işçisi, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin İdarə Heyətinin üzvü Arzu Musayeva, Azərbaycan İncəsənət Məktəbinin direktoru Gülnar Əzimova, "Azərbaycan bayrağı" ordenli şəhid Feyruz Cəlilovun bacısı Ədilə Mustafayeva, Səbuhi bəyə dərs demiş Ülviyyə Eldarova, şəhid soydaşımızın uşaqlıq dostu Günel Hüseynova, döyüşçü dostu Ceyhun Hacıyev, Siyəzən rayonundakı təhsil ocaqlarından birində tarix fənnini tədris edən İlahə Absalamova
və başqaları şəhid Səbuhi Əhmədovun Vətən yolunda çəkdiyi əzab-əziyyətdən danışdılar. Şairə Lətifə Rəşid Səbuhi bəyə həsr etdiyi şeiri söylədi. 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Milli vətənpərvərlik ruhunda yazılan bəzi mahnıların ifaçısı və bəstəkar Arif Səlimov tədbir iştirakçıları qarşısında çıxış etdi.
Tələbəlik dostu Pərvanə Babayeva çıxış edərək anım mərasimini təşkil edən insanlara öz adından təşəkkür etdi.
Daha sonra söhbət çay süfrəsi arxasında davam etdirildi.
10:32 01.05.2026
Oxunuş sayı: 79