Bakı ilə Praqa arasında strateji yaxınlaşmanın arxasında nə dayanır?
Avropa ilə Cənubi Qafqaz arasında körpü rolunu oynayan Azərbaycan ilə Mərkəzi Avropanın sənaye və texnologiya baxımından inkişaf etmiş ölkələrindən biri olan Çexiya arasında münasibətlər son illərdə yeni məzmun və dinamika qazanıb.
Qlobal enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi strateji məsələlərin ön plana çıxdığı bir dövrdə bu iki ölkə arasında tərəfdaşlıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş geosiyasi kontekstdə də xüsusi əhəmiyyət kəsb edir.
Xüsusilə, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədən sonra Bakı ilə Praqa arasında siyasi dialoq intensivləşmiş, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq isə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Bu münasibətlərin inkişaf trayektoriyası göstərir ki, Azərbaycan-Çexiya tərəfdaşlığı qarşılıqlı maraqlara əsaslanan, praqmatik və uzunmüddətli strateji xətt üzərində formalaşır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Zaur Şükürov Crossmedia.az-a açıqlama verib:

“Azərbaycan və Çexiya arasındakı siyasi, ticari-iqtisadi və humanitar münasibətlər 15 sentyabr 2015-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əsasında hər iki ölkənin maraqlarına uyğun şəkildə davamlı inkişaf etməkdədir.
Əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə alaraq, qeyd edilməlidir ki, Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri və Qəbələdə keçirilən yüksək səviyyəli görüşlərlə münasibətlər yeni bir strateji mərhələyə qədəm qoymuşdur.
Bu səfər sadəcə iki ölkə arasındakı siyasi dialoqun intensivliyini deyil, həm də siyasi, iqtisadi, energetika və müdafiə sənayesi sahələrində əməkdaşlığın keyfiyyətcə yeni, çoxşaxəli bir müstəviyə keçməsi üçün tətəflərin siyasi iradəsini nümayiş etdirir.
Prezident İlham Əliyev və Baş nazir Andrey Babiş arasında Davos İqtisadi Forumundan başlayan səmimi dialoq Qəbələdə konkret layihələrin və genişmiqyaslı tərəfdaşlıq planlarının müzakirəsi ilə davam etdirilmişdir.
Səfər çərçivəsində bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Səfərin yekunlarına dair liderlərin mətbuata bəyanatları, həmçinin biznes-forum zamanı çıxışlarında iki ölkə arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri və hədəflər barədə fikirlər səsləndirildi.
İkitərəfli münasibətlərdə enerji əməkdaşlığı xüsusilə öndə olan sahələrdəndir. Hazırda Azərbaycan Çexiyanın enerji balansında həlledici rol oynayır və bu ölkənin neft idxalının 42 faizini təmin etməklə onun əsas təchizatçısına çevrilmişdir.
Bu əməkdaşlıq artıq neft ixracı çərçivəsini aşaraq, gələcəkdə təbii qaz sahəsini də əhatə edə bilər. Çexiyanın ən iri enerji şirkətlərindən biri olan ÇES-in Azərbaycanla uzunmüddətli qaz təchizatı müqavilələri imzalamaq niyyəti Bakının Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu bir daha nümayiş etdirir.
Bu, Azərbaycanın təkcə resurs ixracatçısı deyil, həm də etibarlı və uzunmüddətli tərəfdaş kimi qəbul edildiyinin bariz göstəricisidir.
Həmçinin, enerji sahəsi üzrə ixtisaslaşmış bir sıra şirkətlərin təmsilçilərinin Çexiya Baş nazirini müşayiət etməsi bilavasitə bu ölkənin sözügedən sahə üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deməyə əsas verir”.
Deputat əlavə edib ki, iqtisadi əlaqələrin diversifikasiyası tərəflər üçün prioritet hədəfdir:
“Baxmayaraq ki, ölkələr arasındakı ticarət dövriyyəsi 800 milyon dolları keçmişdir, bu rəqəmin böyük hissəsi neft sektoruna payına düşür. Qəbələdə keçirilən və 50-dən çox aparıcı Çex şirkətinin iştirak etdiyi biznes-forum ticarət strukturunun balanslaşdırılması və qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi üçün mühüm platforma oldu.
Azərbaycanın son 20 ildə 350 milyard dollar sərmayə cəlb etməsi, sabit valyuta məzənnəsi və ÜDM-in cəmi 6,1 faizini təşkil edən aşağı xarici borcu çexiyalı investorlar üçün əlverişli və təhlükəsiz biznes mühiti təklif edir.
Xüsusilə, müdafiə sənayesi istiqamətində əməkdaşlıq perspektivli sahələrindən hesab olunur. Çexiyanın bu sahədəki zəngin tarixi təcrübəsi və Aero Vodochody, Colt, Czechoslovak Group kimi dünya şöhrətli şirkətləri ilə Azərbaycanın müdafiə sənayesi sahəsinin əməkdaşlığı bu istiqamətdə səmərəli nəticələr əldə edilməsinə mühüm töhfə verə bilər.
Tərəflər yalnız hərbi məhsulların alqı-satqısı deyil, eyni zamanda gələcədə birgə istehsal xətlərinin istifadəyə verilməsi üzərində müzakirələr aparılmasına maraq ifadə edirlər.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər uzun müddət ərzində bu sahədə uğurlu əməkdaşlıq edir və ölkəmiz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alır.
İndiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir və bu sahənin genişmiqyaslı olacağı gözlənilir.
Nəzərə alsaq ki, Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir, gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə müştərək fəaliyyət xüsusi önəm daşıyır.
Nəqliyyat və infrastruktur sahəsindəki perspektivlər də əhəmiyyətlidir. Bakı Metropoliteninin modernləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində birgə logistik imkanların dəyərləndirilməsi Çexiya texnologiyalarının Azərbaycanın tranzit mərkəzi kimi güclənməsinə töhfə verəcəyini vəd edir.
Həmçinin, turizm və mədəniyyət sahəsindəki əlaqələr, xüsusilə Karlovı Varı hava limanının genişləndirilməsi kimi layihələr xalqlararası təmasların artmasına imkan verə bilər.
Yekun olaraq qeyd edə bilərik ki, Azərbaycan-Çexiya münasibətlərinin hər iki ölkənin maraqları naminə daha da dərinləməsi üçün geniş imkanlar mövcuddur və inanırıq ki, tərəflər bu istiqamətdə yeni hədəflərə nail olunması mqsədilə yüksək səviyyəli siyasi dialoq əsasında, müxtəlif ikitərəfli əməkdaşlıq mexanizmləri vasitəsilə səylərini daha da artıracaqlar”.
Ayhan
11:30 29.04.2026
Oxunuş sayı: 52