Vahid Avropa ordusu yaradıla bilər – Ekspert
Avropa İttifaqının Qara dəniz və nəqliyyat-enerji əlaqələri üzrə yeni strategiyası geosiyasi dəyişikliklər fonunda böyük əhəmiyyət daşıyır. Bu yanaşma çərçivəsində Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi, Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişafına və alternativ ticarət marşrutlarının formalaşmasına xidmət edir.
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqı region ölkələrini, xüsusilə Ermənistanı daim diqqətdə saxlayır və bu yanaşma təsadüfi deyil: “Ermənistan diqqətdən kənarda qalmır. Mövcud hakimiyyət də bunu Azərbaycanla münasibətlər və sülh axtarışları kontekstində tətbiq etməyə çalışır. Bu, əslində uğurlu və məntiqli yanaşmadır”.

Ekspertin sözlərinə görə, son illərdə baş verən müharibələr Avropanın təhlükəsizlik mühitinə ciddi təsir göstərib: “Bu münaqişələr Avropanı elə bir vəziyyətə saldı ki, müəyyən mənada xarici güclərin təsirinə daha açıq hala gəldi. Bu baxımdan regionda sabitliyin təmin olunması Avropa üçün həyati əhəmiyyət daşıyır”.
Ə.Əlibəyli qeyd edib ki, Qafqaz regionu enerji və nəqliyyat baxımından strateji əhəmiyyətə malikdir: “Qafqazdan keçən neft və enerji xətləri Avropa üçün mühüm alternativ mənbə rolunu oynayır. Lakin regionun nə dərəcədə sabit olması məsələsi hələ də açıq qalır və bu, əsas çağırışlardan biridir”.
Ekspert əlavə edib ki, Ukrayna müharibəsinin gedişi Avropa İttifaqını daha müstəqil gücə çevrilməyə vadar edir: “Bu proses göstərir ki, Avropa artıq öz təhlükəsizliyini təmin etmək üçün daha fəal və müstəqil addımlar atmağa məcburdur. Bu baxımdan müxtəlif formatlarda birliyin gücləndirilməsi, hətta gələcəkdə vahid Avropa ordusunun yaradılması məsələsi belə gündəmə gələ bilər”.
Müsahibimiz vurğulayıb ki, Avropa İttifaqı qarşıdakı dövrdə həm regional əməkdaşlığı genişləndirməli, həm də daxili potensialını gücləndirməlidir: “Bu, həm Qafqaz regionunda sabitliyin təmin olunmasına, həm də Avropanın qlobal güc kimi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək”.
Mehriban Yariyeva
18:16 27.04.2026
Oxunuş sayı: 49