Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA-nın elmi-tədqiqat institutlarında çalışan kitabxanaçıların peşə bacarıqlarını inkişaf etdirmək, qabaqcıl təcrübəni yaymaq və kitabxana-informasiya sahəsində elmi-innovativ bilikləri öyrənərək tətbiq etmək məqsədilə ixtisasartırma təlimləri təşkil edib.
Crossmedia.az xəbər verir ki, təlimin ilk günündə MEK-in direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov kitabxanaçılarla görüşərək dövlət tərəfindən bu sahəyə göstərilən yüksək qayğıdan danışıb, elmi kitabxanalarda səmərəli, məhsuldar tədqiqat mühitinin formalaşdırılmasının və qorunmasının vacibliyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.
İki həftə davam edəcək “Biliyin gələcəyi və innovasiyalar” adlı təlimdə iştirakçılar akademik kitabxanalarda süni intellektin tətbiqi, korporativ kitabxana sistemləri, rəqəmsal kolleksiyaların formalaşdırılması, nadir nəşrlərin qorunması və kitabxana işinə dair digər mühüm biliklərə yiyələnəcəklər.
MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın rəhbərliyi ilə təşkil olunan təlimlərin sonunda aktiv iştirakçılara MEK tərəfindən sertifikatlar təqdim ediləcək.