Yaponiyada soydaşımızdan yeni kitab: “Azərbaycan adlı strategiya”
Yaponiyada yaşayan soydaşımız Əlibəy Məmmədovun ölkəmiz haqqında yapon dilində növbəti kitabı “Azərbaycan adlı strategiya” çapdan çıxıb.
Crossmedia.az xəbər verir ki, kitab geopolitika, enerji təhlükəsizliyi, müharibələr, diplomatiya və dövlət idarəçiliyi kimi mövzuları əhatə edir. Nəşrdə Azərbaycanın qonşu və digər dövlətlərlə balanslaşdırılmış siyasət apararaq əldə etdiyi uğurlar qeyd olunur. Eyni zamanda, ölkənin Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti və 2024-cü ildə Bakıda keçirilmiş COP29 kimi beynəlxalq tədbirlər də kitabda geniş yer alıb.
Kitabda Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə toxunulur, xüsusilə Birinci Qarabağ müharibəsi nəticəsində torpaqların işğalı, qaçqın böhranı və ağır iqtisadi vəziyyət təsvir edilir. Bununla yanaşı, “Əsrin müqaviləsi”nin imzalanması və enerji strategiyasının ölkənin inkişafında oynadığı rol ön plana çəkilir. Yaponiya şirkətlərinin Azərbaycana yatırdığı investisiyalar xüsusi qeyd olunur.
Müəllif Azərbaycanın enerji siyasəti nəticəsində iqtisadiyyatını gücləndirməsini, kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları sahələrində əldə olunan nailiyyətləri vurğulayır.
Kitabda, həmçinin İkinci Qarabağ müharibəsində əldə olunan qələbə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi geniş şəkildə təhlil olunur.
Nəşrdə Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan bərpa-quruculuq işləri, o cümlədən Şuşa, Laçın, Ağdam və Füzuli şəhərlərində həyata keçirilən layihələr, beynəlxalq hava limanlarının tikintisi və xarici dövlət başçılarının bölgəyə səfərləri də ətraflı təsvir edilib. Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşlər, regionda təşkil olunan siyasi və mədəni tədbirlər də kitabın əsas mövzularındandır.
Müəllif Azərbaycanın “yumşaq güc” siyasətinə də toxunur. Beynəlxalq idman yarışları, mədəni tədbirlər, o cümlədən Yaponiyada keçirilən təqdimatlar vasitəsilə ölkənin tanıdılması diqqətə çatdırılır. Kitabda, həmçinin Yaponiyanın Qarabağın bərpasında mümkün rolu da vurğulanır. Qeyd olunur ki, Yaponiya təbii fəlakətlərdən sonra şəhərlərin yenidən qurulması sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla bölüşə bilər. Müəllifin fikrincə, “Azərbaycan adlı strategiya” Yaponiyada ölkəmizin daha yaxından tanıdılmasına və beynəlxalq imicinin güclənməsinə töhfə verəcək. Nəşr artıq Yaponiyada geniş maraq doğurub. Populyar “YouTube” kanallarında təqdimatları yayımlanan kitabın 2-ci tirajının çapına qərar verilib. Kitabın nüsxələri mərkəzi kitabxanalara, universitetlərə göndəriləcək.
Qeyd edək ki, Əlibəy Məmmədov 2012-ci ildən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb. Onun 2018-ci ildə “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” adlı yapon dilində kitabı çap olunub. (Azərtac)

14:38 27.04.2026
Oxunuş sayı: 49