Azərbaycan–Ukrayna: Strateji həmrəylik
Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilmiş görüş zamanı səsləndirilən fikirlər iki ölkə arasındakı münasibətlərin mahiyyətini, istiqamətini və gələcək perspektivlərini aydın şəkildə ifadə edən mühüm siyasi bəyanat kimi dəyərləndirilməlidir. Bu bəyantda verilən mesajlar regional və qlobal siyasi reallıqlar fonunda formalaşmış dərin strateji baxışın təzahürüdür. Burada həm ikitərəfli münasibətlərin məzmunu, həm də beynəlxalq münasibətlər sistemində tərəflərin tutduğu mövqe aydın şəkildə öz əksini tapır.
İlk növbədə, dövlət başçısının “əməkdaşlığımızın çox güclü siyasi təməli vardır” fikri xüsusi diqqətə layiqdir. Bu ifadə Azərbaycan–Ukrayna əlaqələrinin təsadüfi, situativ və ya yalnız cari siyasi maraqlara əsaslanan münasibətlər olmadığını göstərir. Əksinə, bu münasibətlər uzun illər ərzində formalaşmış, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulmuş sistemli əməkdaşlıq modelidir. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədlərinə istinad olunması bu münasibətlərin hüquqi və institusional bazasının möhkəmliyini bir daha təsdiqləyir. Həmin sənədlər dövlətlərarası əlaqələrin yalnız diplomatik dialoq çərçivəsində qalmadığını, siyasi, iqtisadi, enerji, humanitar və təhlükəsizlik sahələrini əhatə edən genişmiqyaslı əməkdaşlıq platformasına çevrildiyini göstərir.
Azərbaycan və Ukrayna arasında münasibətləri klassik diplomatik tərəfdaşlıqdan fərqləndirən əsas xüsusiyyət onun strateji xarakter daşımasıdır. Strateji tərəfdaşlıq isə yalnız konkret layihələr və ya razılaşmalarla deyil, eyni zamanda ortaq siyasi baxışlar, beynəlxalq hüquqa münasibət və qlobal proseslərə yanaşma ilə müəyyən olunur. Məhz bu kontekstdə bəyanatda ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinin xüsusi vurğulanması təsadüfi deyil.
Hər iki dövlətin müasir tarixində bu prinsiplərin pozulması ilə bağlı ciddi və ağrılı təcrübənin mövcudluğu onların bu məsələlərə həssas yanaşmasını şərtləndirir. Azərbaycan uzun illər ərzində ərazi bütövlüyünün pozulması problemi ilə üzləşmiş, Ukrayna isə son dövrlərdə oxşar çağırışlarla qarşılaşmışdır. Bu səbəbdən tərəflərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməsi yalnız diplomatik həmrəylik deyil, həm də ortaq siyasi və hüquqi mövqenin ifadəsidir. Bu, beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyin nümayişi olmaqla yanaşı, həm də beynəlxalq sistemdə qaydalara əsaslanan nizamın qorunmasına yönəlmiş mesajdır.
Bəyanatda diqqət çəkən digər mühüm məqam beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin xüsusi olaraq vurğulanmasıdır. Cənab Prezidentin “Dəstəkləyir və dəstəkləyəcəkdir” ifadəsi münasibətlərin yalnız mövcud vəziyyətlə məhdudlaşmadığını, gələcək üçün də davamlı və ardıcıl siyasi xətt kimi nəzərdə tutulduğunu göstərir. Bu, Azərbaycan və Ukraynanın beynəlxalq platformalarda bir-birinin mövqeyini gücləndirmək niyyətini açıq şəkildə ortaya qoyur. BMT və digər beynəlxalq qurumlar çərçivəsində bu cür qarşılıqlı dəstək dövlətlərin diplomatik çəkisini artırmaqla yanaşı, onların mövqelərinin legitimliyini də möhkəmləndirir.
Eyni zamanda, bu bəyanat regional geosiyasi kontekstdə də xüsusi əhəmiyyət kəsb edir. Şərqi Avropa və Cənubi Qafqaz regionları son illərdə qlobal güclərin maraqlarının toqquşduğu məkan kimi çıxış edir. Belə bir şəraitdə Azərbaycan və Ukrayna kimi dövlətlərin bir-birinə verdiyi siyasi dəstək onların müstəqil siyasət yürütmək iradəsini və regional sabitliyə töhfə vermək niyyətini göstərir. Bu əməkdaşlıq modeli həm də digər dövlətlər üçün nümunəvi tərəfdaşlıq formatı kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, qeyd olunan fikirlər yalnız siyasi sahə ilə məhdudlaşmır. Strateji tərəfdaşlıq anlayışı iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və humanitar əlaqələr kimi sahələri də əhatə edir. Xüsusilə enerji və logistika sahəsində Azərbaycan və Ukraynanın potensial əməkdaşlığı regionlararası əlaqələrin inkişafına ciddi töhfə verə bilər. Bu baxımdan siyasi bəyanatlar gələcək iqtisadi və strateji layihələr üçün də zəmin yaradır.
Nəticə etibarilə, səsləndirilən fikirlər Azərbaycan–Ukrayna münasibətlərinin dərin, çoxşaxəli və strateji xarakter daşıdığını bir daha təsdiqləyir. Bu münasibətlər ortaq dəyərlər, beynəlxalq hüququn prinsiplərinə sadiqlik və qarşılıqlı dəstək üzərində qurulmuşdur. Belə bəyanatlar yalnız mövcud vəziyyətin təsviri deyil, həm də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Anar Fərəcov
BDU-nun Filologiya fakültəsinin dekan müavini
11:20 27.04.2026
Oxunuş sayı: 52