Zelenskinin Azərbaycana səfəri nə ilə yadda qaldı?
Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana işgüzar səfəri və azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü bu gün geosiyasi müstəvidə baş verən hadisələr baxımından xüsusi qiymətləndirilməli hadisədir. Belə ki, Zelenski müharibə başlayandan bəri birinci dəfə idi ki, Azərbaycana gələrdi. Mütəxəssislər bunun mühüm hadisə olduğunu bildirirlər. Görüş çərçivəsində ölkələr arasında altı sənəd imzalandı, həmçinin mətbuata birgə bəyanat zamanı liderlər ölkələrinin ərazi bütövlüyünə dəstəyini növbəti dəfə bildirdilər. Zelenskinin Rusiya buna hazır olacağı təqdirsə, danışıqların Azərbaycanda keçirilməsinə dair təklifi isə siyasətçilər arasında ciddi müzakirə olunmaqdadır.

Türkiyəli politoloq və hüquqşünas Ferhat Aznevi səfəri Crossmedia.az-a şərh edib: " Zelenskinin Azərbaycana səfəri ilk baxışda ikitərəfli diplomatik mübadilə kimi görünsə də, əslində Cənubi Qafqazın dəyişən geosiyasəti haqqında daha geniş bir mənzərə təqdim edir. Prezident İlham Əliyev beləiklə həm də rusiyalı həmkarı Vladimir Putinə müstəqil strateji manevr məkanını xatırlatmış oldu. Bu, son illərdə Azərbaycanın "tarazlaşdırıcı, lakin müstəqil aktor" kimi getdikcə daha çox diqqət çəkən rolunun davamıdır. Qarabağın tam azad olunmasından sonra qazanılan özünəinam Bakının təkcə regional təhlükəsizlikdə deyil, həm də daha geniş miqyasda təhlükəsizlik və diplomatiya yaradan aktor olmaq iddiasını gücləndirir. Bu səfərin ikinci və həssas tərəfi Bakının Qərb-Rusiya gərginliyində tərəf tutmadan özünə yer yaratmaq siyasəti ilə bağlıdır. Azərbaycan hökumətinin əsas həssaslığı Ukrayna məsələsində simvolik dəstək və strateji tərəfdarlıq arasındakı xətti keçməməkdir. Buna görə də, səfər Ukrayna ilə siyasi yaxınlaşmadan daha çox Azərbaycanın çoxvektorlu xarici siyasətinin təsdiqi kimi qəbul edilə bilər. Mesaj aydındır: Bakı Moskva ilə münasibətləri kəsmədən Avropa və Qara dəniz təhlükəsizlik arxitekturasında daha görünən rol tələb edir. Bu mövqe postsovet coğrafiyasında nadir hallarda rast gəlinən ölçülü, lakin iddialı və güclü strateji muxtariyyət axtarışına işarə edir. Təbii ki, bu səfərdən sonra Bakı özünü Ukraynanın strateji müdafiə müttəfiqi kimi təqdim etməyəcək".
O, bildirib ki, səfər həm də Türkiyə ilə bağlıdır: "Bu əlaqə təkcə Azərbaycan-Ukrayna münasibətlərinin genişlənməsini deyil, həm də Ankara-Bakı oxunun geosiyasi əhatə dairəsinin genişlənməsini nəzərdə tutur. Buradakı gizli mesaj budur ki, Türkiyə-Azərbaycan tərəfdaşlığı yalnız Qarabağ və ya enerji boru kəmərləri ilə məhdudlaşmır, o, Qara dəniz təhlükəsizliyinə, regional diplomatiyaya və hətta böhran vasitəçiliyinə qədər uzanır. Bu gün şimalda və cənubda müharibələri olan Azərbaycan etibarlı enerji təchizatçısıdır və şərq-qərb xəttində sərnişin və kommersiya nəqliyyat dəhlizlərinin keçdiyi marşrutlara ev sahibliyi edir. Azərbaycan təkcə quru ərazisi baxımından deyil, həm də Xəzər dənizində nəzarət etdiyi dəniz əraziləri baxımından nəzərdən keçirilməlidir. Dəniz və quru ərazisi, eləcə də siyasi, iqtisadi və strateji sərvəti ilə Azərbaycan Xəzər hövzəsinin ən güclü ölkələrindən biridir. Bu səfər bu statusu təsdiqləyib. Nəhayət, gələcəkdə Azərbaycanı Xəzər dənizinin Niderlandı kimi təsvir edə bilərik".
18:20 27.04.2026
Oxunuş sayı: 59