Səhiyyədə dəyişikliklər nə vaxt real nəticə verəcək?
Son illərdə Azərbaycanda səhiyyə sisteminin inkişafı və bu sahədə həyata keçirilən islahatlar ictimai diqqətin əsas mövzularından birinə çevrilib.
Xüsusilə, son günlərdə TƏBİB-in fəaliyyət istiqamətləri çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə ardıcıl tədbirlər görülməkdədir.
Bu prosesin əsas hədəfi səhiyyə sisteminə ictimai etimadı gücləndirmək və vətəndaş məmnuniyyətini təmin etməkdir.
Rəsmi açıqlamalara görə, son dövrdə səhiyyə sahəsi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, müxtəlif istiqamətlərdə özünü göstərir.
Xüsusilə, icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfinin genişləndirilməsi nəticəsində əhaliyə göstərilən tibbi xidmətlərin həcmi əhəmiyyətli dərəcədə artıb.
Bu isə ümumilikdə səhiyyə sistemində daha çevik və effektiv xidmət modelinin formalaşdığını göstərir.
Məsələ ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Yeni rəhbərlik təyin olunduqda, ona öz komandasını formalaşdırmaq üçün müəyyən hüquq və imkanların verilməsi təbii sayılır. Çünki hər bir rəhbər müəyyən müddətdən sonra konkret nəticələrə görə məsuliyyət daşıyır və bu nəticələrə də əsasən qiymət verilir.
Bu baxımdan, “komanda dəyişdirilmədən nəticə tələb etmək” bəzən idarəetmə baxımından real olmaya bilər, çünki rəhbər öz iş prinsipinə uyğun komanda ilə daha effektiv işləyə bilər.
Ona görə də, mən bu cür dəyişikliklərin emosional və ya həddindən artıq ajiotajla qarşılanmasının tərəfdarı deyiləm. Əgər dəyişiklik nəticə etibarilə vətəndaşa daha keyfiyyətli və əlçatan səhiyyə xidməti verəcəksə, bu müsbət qiymətləndirilməlidir.
Əsas meyar şəxslərin dəyişməsi deyil, sistemin işləmə keyfiyyətidir. Yəni növbələrin azalması, xidmətin əlçatanlığı və müalicə nəticələrinin yaxşılaşması kimi real göstəricilər ön planda olmalıdır.
Digər tərəfdən, əgər bu dəyişikliklər yalnız formal xarakter daşıyır və sistemdə real yaxşılaşma yaratmırsa, o zaman bu, artıq ciddi müzakirə mövzusuna çevrilir.
Mən hesab edirəm ki, yeni təyin olunan rəhbərlərə müəyyən müddət vaxt verilməlidir ki, öz fəaliyyətini göstərə bilsin. Təcrübə göstərir ki, adətən 5-6 ay ərzində görülən işlərin nəticəsi daha aydın görünür.
Şəxsən mənim üçün, həm vətəndaş, həm də ictimai mövqeyi olan bir şəxs kimi əsas məsələ kadr dəyişiklikləri deyil. Mənim üçün vacib olan insanların xəstəxanalara rahat müraciət edə bilməsi, növbələrin düzgün idarə olunması və müalicənin effektivliyidir. Yəni nəticələr konkret xidmət keyfiyyəti ilə ölçülməlidir, formal dəyişikliklərlə yox.
Bütün hallarda, səhiyyə sistemində əsas məqsəd insanlara real xidmət göstərməkdir. Çünki vətəndaşlar artıq bu sahədə ciddi çətinliklər yaşayırlar və əsas gözlənti də məhz bu problemlərin aradan qaldırılmasıdır. Buna görə də, mənim yanaşmam ondan ibarətdir ki, istənilən dəyişiklik yalnız nəticə verəcəyi halda dəyər qazanır".
Elmir Heydərli
10:00 27.04.2026
Oxunuş sayı: 717