Şimali Kipr Türk Cümhuriyyətinin Turizm, Mədəniyyət, Gənclik, Ətraf Mühit və Milli Təhsil nazirlikləri, eləcə də Türk Dil Qurumu və Atatürk Müəllimlər Akademiyasının birgə təşkilatçılığı ilə “Türk Dünyası Uşaq Ədəbiyyatı Seminarı” keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə alimlər, yazıçılar və nəşriyyat nümayəndələri ilə yanaşı AMEA Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva da iştirak edib.
İki gün davam edən seminarın birinci sessiyasında Türk Dil Qurumu tərəfindən uşaq ədəbiyyatı sahəsində strateji yanaşmalar təqdim olunub, ikinci sessiyada isə dünya üzrə uşaq ədəbiyyatının mövcud vəziyyəti müzakirə edilib.
Müzakirələrin əsas məqsədi Türk dünyasında uşaq ədəbiyyatının hazırkı durumunu qiymətləndirmək, keyfiyyətli ədəbi nümunələrin yaranmasını təşviq etmək, ortaq ədəbi düşüncənin formalaşdırılmasına töhfə vermək və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirmək olub.
Bölmə iclasında çıxış edən Aytən Əliyeva uşaq ədəbiyyatının inkişaf istiqamətləri, kitabxanaların bu sahədə rolu və oxu mədəniyyətinin formalaşdırılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Tədbirin yekununda iştirakçılara təşəkkürnamə təqdim edilib.