Hərbi hüquqşunasların toplantısı nəyə xidmət edir? - ORTAYA MARAQLI MƏQAMLAR ÇIXIR
Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq əlaqələri ardıcıl şəkildə inkişaf etdirilir və bu istiqamətdə həyata keçirilən tədbirlər ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir. İmzalanmış hərbi əməkdaşlıq planına uyğun olaraq Bakıda keçirilən işgüzar görüş də bu əməkdaşlığın praktiki təzahürlərindən biri kimi diqqət çəkir. Görüş çərçivəsində hər iki ölkənin hərbi hüquqşünaslarının bir araya gəlməsi qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müzakirələr zamanı hüquq xidmətinin təşkili, hərbi qanunvericiliyin tətbiqi və hərbi hüquqşünasların xidməti fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, tərəflər milli hərbi qanunvericiliyin beynəlxalq hüquq normaları ilə uyğunlaşdırılması istiqamətində görülən işləri nəzərdən keçirərək bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir və mütəmadi xarakter daşıyır. Hər iki ölkənin hərbi nümayəndə heyətləri qarşılıqlı səfərlər həyata keçirir, əməkdaşlıq yalnız nəzəri deyil, eyni zamanda praktik müstəvidə də inkişaf etdirilir. Bu çərçivədə Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli hərbi təlimlər təşkil olunur. Həmçinin mütəxəssislərin qarşılıqlı səfərləri vasitəsilə təcrübə mübadiləsi aparılır və 2026-cı il ərzində də bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan və Gürcüstan hərbi hüquqşünaslarının işgüzar görüşü də bu əməkdaşlığın mühüm tərkib hissəsidir. Bu cür görüşlər hərbi sahədə görülən işlərin hüquqi qiymətləndirilməsi, təcrübə mübadiləsi və əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Tərəflər hərbi xidmətin təşkili, hüquqi maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsi sahəsində əldə etdikləri təcrübələri bölüşürlər. Eyni zamanda, hərbi strukturlarda baş verə biləcək halların qarşısının alınması, hüquqi tərbiyənin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlər müzakirə olunur. Bu fikir mübadiləsi hər iki ölkənin silahlı qüvvələrinin fəaliyyətinin təkmilləşdirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir".
Elmir Heydərli
16:14 23.04.2026
Oxunuş sayı: 44