Cənubi Qafqaz “Baltik modeli”nə yaxınlaşır?
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər” fikri Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının aktuallığını bir daha gündəmə gətirir. Azərbaycan-Türkiyə münasibətləri bu prosesdə xüsusi yer tutur.
Eyni zamanda, Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-İran formatları da regional əməkdaşlıq üçün mühüm platformalar kimi qiymətləndirilir.
Bu reallıqlar fonunda əsas suallar belədir: bu cür çoxtərəfli əməkdaşlıq mexanizmlərinin tam şəkildə həyata keçirilməsi nə dərəcədə realdır və bu prosesə Ermənistanın da daxil edilməsi mümkündürmü?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlama verib:

"Ermənistanın bu platformaya daxil edilməsi məsələsi rəsmi İrəvanın seçkilərdən sonra tutacağı mövqedən asılıdır. Əgər bu mövqe Azərbaycan ilə sülhə nail olmaq istiqamətində real addımlarla müşayiət olunarsa, Ermənistan da müəyyən dərəcədə bu münasibətlər sisteminə qoşula bilər.
Regionda artıq yeni perspektivlər formalaşıb və Azərbaycan bir sıra dövlətlərlə iqtisadi əlaqələrini genişləndirib.
Eyni zamanda, ölkəmizin İran və Gürcüstan ilə qarşılıqlı münasibətləri mövcuddur. Ermənistanla bağlı da müəyyən addımlar atılmaqdadır. Atəşkəs uzun müddətdir pozulmur və sülh gündəliyi aktual olaraq qalır.
Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri Ermənistan konstitusiyasında müəyyən dəyişikliklərin edilməsidir ki, bu da prosesin daha rahat irəliləməsinə imkan verə bilər".
Ekspert əlavə edib ki, bu mərhələdən sonra Ermənistanla münasibətlərin daha da normallaşması istiqamətində konkret addımların atılması gözlənilir:
"Hesab edirəm ki, Ermənistan da gələcəkdə bu platformaya qoşula bilər. Ümumilikdə isə bütün dövlətlərin bu prosesdə iştirak etməsi vacibdir ki, region sabitlik məkanı kimi formalaşsın.
Cənubi Qafqazın ən azı Baltik regionu kimi sabit və dayanıqlı bir bölgəyə çevrilmək potensialı mövcuddur".
Ayhan
13:50 20.04.2026
Oxunuş sayı: 374