Türkiyə-Gürcüstan-Azərbaycan formatı genişlənir? - yeni oyunçu kimdir?
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun regionda əməkdaşlığın genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüs diqqət çəkir.
O, Ermənistanın Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatına daxil edilməsini təklif edərək, Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş yeni yanaşma ortaya qoyub.
Ermənistan parlamentinin sədri Alen Simonyan bu təşəbbüsə müsbət münasibət bildirib və məsələnin İstanbulda keçirilən Parlamentlərarası İttifaqın Assambleyası çərçivəsində müzakirə olunduğunu qeyd edib.
Onun sözlərinə görə, tərəflər həmçinin bu formatın genişləndirilməsi ilə bağlı gələcək addımlar və mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Məsələ ilə bağlı politoloq Əziz Əlibəyli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ümumiyyətlə, regionda formalaşan təhlükəsizlik modeli daha çox türk mərkəzli xarakter daşıyır və bu çərçivədə əsasən Türkiyə-Gürcüstan-Azərbaycan arasında hərbi əməkdaşlıq və müqavilələr mövcuddur. Bu kontekstdə Ermənistan da özünü müstəqil və təsirli dövlət kimi təqdim etməyə çalışır.
Nəzərə almaq lazımdır ki, regionda münasibətlər uzun müddət parçalanmış və qeyri-balanslı xarakter daşıyıb. Üç ölkə arasında qarşılıqlı münasibətlərdə uyğunsuzluqlar müşahidə olunsa da, sonrakı mərhələdə Türkiyə, Gürcüstan və Azərbaycan iqtisadi, siyasi və hərbi sahələrdə əməkdaşlığı genişləndirərək müəyyən razılaşmalar əldə ediblər.
Ermənistan isə əvvəlki mərhələdə bu proseslərdən kənarda qalsa da, son addımları ilə regionda formalaşan bu əməkdaşlıq formatına qoşulmaq niyyətini nümayiş etdirməyə çalışır".
Elmir Heydərli
12:32 20.04.2026
Oxunuş sayı: 252