Kürdəmir stansiyasının açılması dəmiryolunda yeni mərhələdir – ADY rəsmiləri
Kürdəmir stansiyasının yenidən istifadəyə verilməsi Azərbaycan dəmir yolu infrastrukturunun inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev Kürdəmir vağzalına təşkil olunan mediatur zamanı bildirib.
Onun sözlərinə görə, Kürdəmir stansiyasının açılması dəmiryolu sistemi üçün əsas məqamlardan biridir:

“Bu stansiya həm yükdaşıma, həm də sərnişindaşıma baxımından strateji əhəmiyyətə malikdir və coğrafi mövqeyi baxımından olduqca əlverişlidir.”
Sədr müavini qeyd edib ki, həyata keçirilən layihə nəqliyyat sektorunda atılan növbəti uğurlu addımdır. O bildirib ki, Kürdəmir stansiyası ilə bağlı işlərə 2023-cü ildən başlanılıb və gələcəkdə bu istiqamətdə inkişafın daha da genişləndirilməsi nəzərdə tutulur.
Arif Ağayev həmçinin yaxın perspektivdə reallaşdırılması planlaşdırılan layihələrə də toxunub.
Onun sözlərinə görə, növbəti ildən Ağdam-Xankəndi dəmiryolu xəttinin və Xankəndi stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Bu layihənin regionda nəqliyyat əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcəyi vurğulanıb.
ADY rəsmisi əlavə edib ki, 2025-ci il Azərbaycan dəmir yolları üçün uğurlu olub. Belə ki, ötən il sərnişindaşıma sahəsində rekord göstərici qeydə alınıb və 10 milyondan artıq sərnişin daşınıb.
Mediatur çərçivəsində çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin sədri Azər Fərəcov isə bildirib ki, qarşıdakı illər üçün geniş inkişaf planları mövcuddur. Onun sözlərinə görə, 2028-ci ilə qədər müxtəlif istiqamətlər üzrə yeni qatar marşrutlarının açılması və sərnişindaşıma imkanlarının daha da artırılması nəzərdə tutulur.

Qeyd edək ki, Kürdəmir stansiyasının istifadəyə verilməsi ilə regionda yaşayan yüz minlərlə vətəndaş üçün dəmiryol nəqliyyatından istifadə imkanları genişlənir və ölkənin nəqliyyat-logistika sisteminin dayanıqlı inkişafına əlavə töhfə verilir.
12:56 17.04.2026
Oxunuş sayı: 70