Azərbaycanla sülh Ermənistana nə qazandırır?
Cənubi Qafqazda uzun illər davam edən gərginlikdən sonra regionda yeni siyasi reallıqlar formalaşmaqdadır.
Ermənistanın Baş naziri tərəfindən Azərbaycanla sülhün ölkənin perspektivlərini daha proqnozlaşdırıla bilən etdiyinə dair səsləndirilən fikirlər də bu dəyişən geosiyasi mühitin göstəricisi kimi qiymətləndirilir.
Sülh gündəliyinin ön plana çıxması yalnız təhlükəsizlik baxımından deyil, həm də iqtisadi və regional əməkdaşlıq imkanları baxımından yeni üfüqlər açır.
Bəs Azərbaycanla sülh Ermənistana konkret olaraq nə qazandırıb və bu gün normal qonşuluq münasibətləri fonunda Ermənistan hansı üstünlükləri əldə edir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlama verib:

"Birinci onu qeyd etmək lazımdır ki, sülh yalnız Azərbaycana deyil Ermənistana da lazımdır. Sülh bütövlükdə bölgədəki dövlətlərə lazımdır. Bu mənada biz proseslərə baxanda görürük ki, Ermənistan bu sülhdən yararlanır. Bu gün müharibə bitib, insanlar itki vermir, şəhid xəbərləri gəlmir, atəşkəs pozulmur".
Deputat qeyd edib ki, biz sülh istiqamətində addımlar atırıq və bu istiqamətdə edilən təşəbbüsləri də dəstəkləyirik:
"Ermənistanla da əlaqələrimizi normallaşdırırıq. Bu da prosesə öz töhfəsini verir. Ermənistan bu gün Azərbaycandan daha aşağı qiymətə yanacaq alır, iqtisadi əlaqələrimiz güclənir.
Yaxın zamanda Ermənistan məhsullarının Azərbaycan bazarına ixracı nəzərdə tutulur. Bunlar ona hesablanır ki, əlaqələr daha da inkişaf edib irəli getsin".
Ayhan
14:10 16.04.2026
Oxunuş sayı: 100