130 km/saat sürət həddi - bu limit Azərbaycan yollarına uyğundur?
Ödənişli avtomagistrallarda maksimum sürət həddinin saatda 130 km olaraq müəyyən edilməsi yol hərəkətinin təhlükəsizliyi və səmərəliliyi baxımından mühüm qərarlardan biridir.
Bu cür sürət limitləri adətən yolun texniki göstəriciləri, hərəkət intensivliyi, nəqliyyat axınının xüsusiyyətləri və beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyən edilir.
Eyni zamanda, sürət həddinin optimal səviyyədə seçilməsi həm qəzaların qarşısının alınmasına, həm də sürücülər üçün rahat və sürətli hərəkət şəraitinin yaradılmasına xidmət edir.
Bəs görəsən, 130 km/saatlıq sürət həddi mövcud yol infrastrukturuna və sürücülük mədəniyyətinə nə dərəcədə uyğundur?
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Crossmedia.az-a açıqlama verib:

"Ödənişli avtomagistrallarda maksimum sürət həddinin 130 km/saat səviyyəsində müəyyən edilməsi təsadüfi qərar deyil, bu, beynəlxalq yol mühəndisliyi standartlarına, nəqliyyat axınının xüsusiyyətlərinə və təhlükəsizlik analizlərinə əsaslanır.
Belə yollar layihələndirilərkən “dizayn sürəti” anlayışı əsas götürülür – yəni yolun radiusları, döngələrin əyriliyi, örtüyün keyfiyyəti, zolaqların eni, ayırıcı zolaqlar, baryerlər və görünmə məsafəsi əvvəlcədən yüksək sürət üçün hesablanır.
Bundan əlavə, yolun üzərində piyada hərəkəti, kəsişmələr və işıqforlar olmur, giriş-çıxışlar isə nəzarətli şəkildə təşkil edilir ki, bu da risk faktorlarını minimuma endirir. 130 km/saat həddi həm də sürücünün reaksiya müddəti, əyləc məsafəsi və avtomobillərin texniki imkanları nəzərə alınaraq müəyyən edilir; müasir avtomobillərin əksəriyyəti bu sürətdə stabilliyini qoruyur və düzgün yol şəraitində təhlükəsiz hərəkət edə bilir.
Eyni zamanda, bu hədd yolun buraxıcılıq qabiliyyətini optimallaşdırmaq baxımından da balanslı hesab olunur – daha aşağı sürət axını ləngidir, daha yüksək sürət isə qəza riskini kəskin artırır.
Mənim fikrimcə, 130 km/saat limiti ümumilikdə uyğundur, lakin bu yalnız ideal şərait – yəni yüksək keyfiyyətli asfalt, effektiv drenaj sistemi, aydın nişanlanma, müasir nəzarət texnologiyaları və sürücülərin intizamlı davranışı olduqda özünü doğruldur".
Ekspert qeyd edib ki, əks halda, xüsusilə hava şəraiti pisləşdikdə, yol örtüyündə qüsurlar olduqda və ya sürücülər sürət rejiminə əməl etmədikdə bu hədd riskli ola bilər:
"Ona görə də yanaşma statik yox, dinamik olmalıdır – yəni bəzi ölkələrdə olduğu kimi hava şəraitinə, yolun vəziyyətinə və nəqliyyat sıxlığına uyğun dəyişən sürət limitlərinin tətbiqi daha effektiv və təhlükəsiz nəticə verə bilər".
Ayhan
14:30 15.04.2026
Oxunuş sayı: 474