At əti qalmaqalı - Qida sektorunda nəzarət niyə yetərli deyil?
Qida təhlükəsizliyi sahəsində aparılan nəzarət tədbirləri istehlakçıların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi reydlər zamanı istehlaka yararsız məhsulların aşkarlanması bu istiqamətdə nəzarətin gücləndirildiyini göstərir.
Xüsusilə qida müəssisələrində at ətinin qanunsuz şəkildə istifadəsi kimi hallar həm istehlakçı hüquqlarının pozulması, həm də ictimai sağlamlıq üçün ciddi risklər yaradır.
Bu baxımdan, belə halların qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmlərinin tətbiqi, hüquqi məsuliyyətin sərtləşdirilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi məsələsi aktuallaşır.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlama verib:

"Bu cür hallar göstərir ki, nəzarət mexanizmləri olsa da, sistemli yanaşma daha da gücləndirilməlidir. At ətlərinin və ümumiyyətlə mənşəyi məlum olmayan ətlərin qida müəssisələrində qanunsuz istifadəsinin qarşısını almaq üçün bir neçə istiqamətdə tədbirlər vacibdir. Hər bir ətin mənşəyi “fermadan süfrəyə” prinsipi ilə izlənməlidir.
Kəsim məntəqəsindən satış nöqtəsinə qədər sənədləşmə (baytarlıq arayışı, sertifikatlar) məcburi olmalıdır. Elektron qeydiyyat sistemləri bu prosesi daha şəffaf edə bilər.
Qanunsuz kəsim yerləri əsas risk mənbəyidir. Bu obyektlərin aşkarlanması və bağlanması, yalnız lisenziyalı kəsim müəssisələrindən istifadə tələbi sərtləşdirilməlidir.
Planlı və qəfil yoxlamalar intensivləşdirilməlidir. Xüsusilə ucuz ət təklif edən və ya şübhəli təchizatçılarla işləyən obyektlər risk qrupu kimi daha sıx nəzarətdə saxlanmalıdır".
Ekspert əlavə edib ki, DNA analizləri ilə ətin növünün (mal, qoyun, at və s.) dəqiq müəyyən edilməsi mümkündür:
"Bu üsulun daha geniş tətbiqi saxtakarlığın qarşısını effektiv şəkildə alır. Qanunsuz ət istifadəsi ilə bağlı cərimələr və fəaliyyətin dayandırılması kimi sanksiyalar daha sərt və qaçılmaz olmalıdır. Bu, profilaktik təsir yaradır.
İctimai iaşə obyektləri yalnız rəsmi qeydiyyatdan keçmiş və təsdiqlənmiş təchizatçılarla işləməlidir. “Ucuz, sənədsiz ət” dövriyyədən çıxarılmalıdır. İstehlakçılar da diqqətli olmalıdır. Həddindən artıq ucuz ət məhsulları şübhə doğurmalıdır. Restoranlardan mənşə ilə bağlı məlumat tələb etmək hüququ var.
Şübhəli halları aidiyyəti qurumlara bildirmək vacibdir. Qida müəssisələrində çalışanlar üçün mütəmadi təlimlər keçirilməlidir. Onlar həm qanunvericiliyi, həm də riskləri başa düşməlidirlər.
Bu problemin qarşısını almaq üçün təkcə yoxlama kifayət deyil. İzlənəbilənlik, texnoloji nəzarət (DNA analizləri), sərt qanunlar və maarifli istehlakçı birlikdə işlədikdə nəticə daha effektiv olur".
Ayhan
15:30 14.04.2026
Oxunuş sayı: 496