Yaxın Şərqdəki gərginlik azaldıqca digər konfliktlər daha çox gündəmə gələcək: Dünyanın üzü gülməyəcək?
Yaxın Şərqdə gərginliyin azalması istiqamətində mühüm diplomatik addım atılıb. Türkiyə ABŞ və İran arasında əldə olunan atəşkəs rejimi beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Ankara bu razılaşmanı regionda sabitliyin möhkəmləndirilməsi baxımından müsbət inkişaf kimi qiymətləndirərək alqışlayıb. Rəsmi dairələr hesab edir ki, bu cür diplomatik anlaşmalar uzunmüddətli sülh prosesinə töhfə verə bilər.
Mövzu ətrafında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov Crossmedia.az-ın suallarını cavablandırıb.
-Türkiyənin bu prosesə müsbət yanaşması onun regional diplomatiyada mövqeyini gücləndirə bilərmi?
-Təbii ki, Türkiyə regionun böyük dövlətidir və əsas faktorlardan biridir. Müharibə başlayanda və ilk günlərdə Türkiyə fəal diplomatik addımlar atdı, atəşkəsin əldə olunması və müharibənin dayandırılması istiqamətində təşəbbüslər göstərdi. Eyni zamanda, Pakistan və Türkiyə arasında regionda sabitliyin qorunması ilə bağlı da fəaliyyətlər müşahidə olundu. Türkiyənin xarici işlər naziri Hakan Fidanın İslamabadda keçirilən görüşdə iştirak etdiyi də deyilirdix Region dövlətləri, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin və Misirin xarici işlər nazirlərinin iştirakı ilə görüşlər keçirildi. Bu görüş İran-ABŞ-İsrail arasında baş verən münaqişənin həlli ilə bağlı idi, amma eyni zamanda bölgədə yeni geosiyasi konfiqurasiyanın formalaşması məsələlərini də gündəmə gətirirdi.
Hər halda bu görüşlər İran-ABŞ-İsrail arasında baş verən münaqişənin dayandırılması və regionda sabitliyin təmin olunması məqsədi daşıyırdı. Türkiyənin bu məsələdə vacib aktor olduğunu həm də əməli fəaliyyətdə görürük. Müharibə başlayanda Türkiyənin bu oyuna gətirilməsi və tərəflərdən birinə çevrilməsi cəhdləri də oldu, lakin Türkiyə bu oyuna gəlmədi. Türkiyə böyük dövlətdir, qlobal oyunçudur və bu prosesləri dərindən anlayır. Öz geosiyasi mövqeyini qoruma imkanına malikdir. Türkiyə nəinki bu “oyuna” gəlmək, prosesi yönləndirməyə çalışan bəzi planların qarşısını aldı. Atəşkəsin əldə olunmasında Türkiyənin birbaşa deyil, amma vasitəçilik və prosesə təsir baxımından rolu danılmazdır. Əvvəllər də Türkiyə ilə İslamabadda müzakirələr, atəşkəslə bağlı danışıqlar müşahidə olunmuşdu. Pakistan da Türkiyə ilə çox yaxın strateji tərəfdaşdır. Biz həm Türkiyə, həm də Pakistanla yaxın müttəfiq ölkələrik. Bu görüşlərin və əməkdaşlıqların Pakistan kimi ölkələrdə keçirilməsi də müsbət qiymətləndirilir.
-Türkiyənin ABŞ və İran arasında balans siyasəti gələcəkdə hansı riskləri yarada bilər?
-Türkiyə həm NATO üzvüdür, həm də ABŞ ilə strateji tərəfdaşdır. Eyni zamanda İran yaxın qonşu və müsəlman dövlətdir. Türkiyə əvvəldən bəyan edib ki, İrana qarşı hər hansı münaqişədə iştirak etməyəcək və praktik olaraq da neytrallığını qoruyub. Bu balans siyasəti Türkiyənin etibarlılığını artıran bir yanaşmadır. Türkiyə nə ABŞ-nin, nə də İranın tərəfində açıq şəkildə yer almayaraq vasitəçi rolunu qorumağa çalışır. Eyni zamanda bəzi hallarda ABŞ və digər tərəflərə də münaqişənin dayandırılması istiqamətində təsir göstərən aktor kimi çıxış edir. İranla bağlı məsələlərdə də Türkiyə müxtəlif diplomatik fəaliyyətlər göstərib. Bu siyasət Türkiyəyə risklərdən çox, müəyyən üstünlüklər qazandırır. Əgər atəşkəs davamlı olarsa, Türkiyənin diqqəti regiondakı digər məsələlərə yönələ bilər. Xüsusilə Suriya məsələsi hələ də tam həll olunmayıb. Türkiyə üçün Suriya təhlükəsizlik baxımından mühüm məsələdir və burada onun ciddi geosiyasi maraqları var. Bu proseslər nəticəsində Yaxın Şərqdə müəyyən nisbi sakitlik yaranarsa, diqqətin digər bölgələrə yönəlməsi ehtimalı var.
- İsrail, Rusiya və Çin kimi aktorların bu prosesə reaksiyası necə ola bilər?
-Bu böhrandan ən çox təsirlənən ölkələrdən biri Çindir. Çin İranın əsas neft alıcılarından biridir və enerji qiymətlərinin artması Çinə birbaşa təsir göstərir. Rusiya isə bu kimi böhranların uzanmasından müəyyən mənada fayda əldə edə bilir. Enerji bazarındakı dəyişikliklər Rusiyanın mövqeyinə təsir edir və o, bazarda daha rahat hərəkət imkanı qazanır. Çin və Rusiya İranın strateji müttəfiqləri olsa da, bu böhrana yanaşmaları fərqlidir. Çin İranın müəyyən sahələrdə – xüsusilə texnoloji və sənaye sahələrində – dəstəyində rol oynayır və dolayı yolla İranın dayanıqlığını təmin edir. Ümumilikdə isə hesab edirəm ki, İran böhranının və mümkün atəşkəsin ardından diqqət daha çox Rusiya–Ukrayna müharibəsinə yönələcək. Yaxın Şərqdəki gərginlik azaldıqca digər konfliktlər daha çox gündəmə gələcək.
Fatimə
18:01 11.04.2026
Oxunuş sayı: 83