Pakistan-İran gərginliyində Səudiyyə Ərəbistanı ilə ittifaq mümkündürmü?
Pakistan İran və Səudiyyə Ərəbistanı arasında gərginlik artacağı təqdirdə, Ər-Riyadı dəstəkləyəcəyini açıqlayıb.
Təhlükəsizlik mənbələrinə istinadən yayılan məlumata görə, İranın Səudiyyə Ərəbistanına qarşı hücumlarının intensivləşməsi halında İslamabad Səudiyyə tərəfdə olacaq. Bu açıqlama regionda mümkün eskalasiya riskini bir daha gündəmə gətirib.
Politoloq, professor Əlimusa İbrahimov bu barədə Crossmedia.az-a danışıb.
O bildirib ki, bütün bu hadisələrdən sonra İranın Körfəzdəki digər ölkələrə qarşı təzyiq göstərməsi gözlənilmir:

"ABŞ-İran-İsrail arasında olan razılaşma regiondakı digər ölkələrə də təsir göstərəcək. Şübhəsiz, İran razılığa gedərkən, necə ki ABŞ və İsrailin hərbi əməliyyat aparmasının qarşısını ala bildi, indi də eyni yanaşmanı tətbiq edəcək.
Digər ölkələr də İranın qarşısında Körfəz ölkələrinə hücumu dayandırmağı tələb edə bilər. Hazırkı şəraitdə İran bu tələbə riayət edəcək.
Əgər razılaşma varsa, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Küveyt İran tərəfindən hədəf alınmayacaq. Səudiyyə Ərəbistanının Pakistanı müdafiə etməsinə gəlincə, iki ölkə arasında ciddi münasibətlər mövcuddur.
Hətta strateji əməkdaşlıqları da yüksək səviyyədədir. Pakistanın İranla münaqişə yaşaması halında Səudiyyə Ərəbistanını müdafiə etməsi təbiidir".
Politoloq hesab edir ki, İran da Pakistanın bu bəyanatını diqqətlə izləyəcək və nəzərə alacaq:
"Pakistan İran üçün sıradan bir müttəfiq deyil. İran gələcəkdə Pakistanla olan münasibətlərin pozulmasını istəmir. Yaxın gələcəkdə Ərəbistanla İran arasında hər hansı insident baş verə bilər".
Fatimə Məmmədova
15:42 10.04.2026
Oxunuş sayı: 50