Yaxın Şərqdəki atəşkəsin ömrü uzun olmaya bilər - Bədbin proqnoz
ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau Vaşinqtondakı Atlantik Şurada bildirib ki, Vaşinqton və Tehran atəşkəs rejimi çərçivəsində mübahisəli məsələlərin həlli üzrə iş aparır, bununla da ABŞ effektiv atəşkəsi təmin etməyə çalışır.
"Biz uzunmüddətli və effektiv atəşkəsin təmin olunmasına çalışırıq. Düşünürəm ki, hər iki tərəf buna maraq göstərib. Təfərrüatlara gəldikdə isə, burada hər şey bir qədər birmənalı oldu: o nə qədər geniş ərazini əhatə edir? Kimlərə və hansı ərazilərə şamil olunur? Lakin biz bütün bunları dəqiqləşdirmək üçün danışıqlar aparırıq", - o qeyd edib.
Landaunun sözlərinə görə, ABŞ hazırkı hərbi əməliyyatının başa çatdırılması üzərində fəal işləyir:
"Hesab edirəm ki, İranın qarşımıza düşmən dövlət kimi deyil, ABŞ və digər dövlətlərdən gələn özəl investisiyaları alqışlayan bir ölkə kimi çıxması yaxşı olardı. Düşünün, bu, dünyanı necə dəyişərdi".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Bu barədə Crossmedia.az-a açıqlama verən politoloq Oktay Qasımovun fikrincə, ABŞ və İran arasında atəşkəsin əldə olunması müsbət bir hadisədir: "Bu, böyük bir münaqişənin müvəqqəti də olsa dayandırılması anlamına gəlir. Amma bu anlaşmaya şübhə ilə yanaşanlar çoxdur. Tərəflərin mövqelərinə diqqət etdikdə, bu atəşkəsin çox da uzunömürlü olacağı düşünülmür. Söhbət ondan gedir ki, əldə olunmuş sövdələşmə bir atəşkəs razılaşmasıdır və bu müddət ərzində danışıqların aparılması və daha ciddi razılaşmaların əldə olunması nəzərdə tutulur. Bu baxımdan, əldə olunan razılaşma kifayət qədər önəmli bir hadisədir. Amma bu, atəşkəsin gələcəkdə konkret hansı nəticələrə gətirib çıxaracağı barədə iddia irəli sürmək üçün kifayət deyil".
Politoloq qeyd edib ki, savaş ehtimalı hələ də gündəmdədir: "Tərəflərin yanaşmalarına baxdıqda da bu nəticəyə gəlmək olar. Əgər yekun dayanıqlı razılaşma əldə olunmasa, o zaman bölgədə gərginliyin davam etməsini və gələcək dövrlərdə yenidən savaş ehtimalını dəyərləndirə bilərik. Bu baxımdan düşünürəm ki, savaşın iştirakçısı olan bütün tərəflər, o cümlədən İran və İsrail qarşılıqlı tədbirlərə hazır olmalıdır. Çünki bu savaşda yalnız bir tərəfin günahkar olduğunu düşünmürəm. Bütün tərəflərin bu məsələdə müəyyən məsuliyyəti var. Odur ki, tərəflərin həssaslığı, təşkilatlarla bağlı hesablamalar konstruktiv müzakirələrə aparmalıdır. Əks halda, regionda hansısa dayanıqlı bir sülh görməyəcəyik. Bu da gələcək dövrlərdə qarşıdurmalar deməkdir. Bu baxımdan ümid edək ki, tərəflər milli düşüncə ilə münasibət göstərəcək və razılığa gələcəklər. Təəssüf ki, bu ehtimal çox da yüksək qiymətləndirilmir".
Fatimə
19:45 09.04.2026
Oxunuş sayı: 56