Zelenski Türkiyənin "könlünü xoş etməyə çalışır" - Tural Abbaslı
Müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda yeni diplomatik təmaslar xüsusi diqqət cəlb edir. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin Suriyaya səfəri və orada Türkiyə xarici işlər naziri Hakan Fidan ilə baş tutan görüş təsadüfi hadisə kimi qiymətləndirilmir. Əksinə, bu addım regionda formalaşmaqda olan yeni siyasi reallıqların bir göstəricisi kimi çıxış edir. Xüsusilə Türkiyənin bu prosesdə aktiv rol alması diqqəti daha da artırır və onun artan təsir imkanlarını ön plana çıxarır. Müharibə şəraitində olan Ukrayna ilə uzun illər qeyri-sabitlik yaşamış Suriyanın eyni platformada təmas qurması bir sıra suallar doğurur. Bu təmaslar sadəcə formal diplomatik münasibətlər çərçivəsində qalacaq, yoxsa daha dərin əməkdaşlığa zəmin yaradacaq?
Bütün bu məqamlar fonunda sözügedən görüşün mahiyyəti və mümkün nəticələri regionun gələcək siyasi xəritəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Crossmedia.az-a açıqlama verib.
O, Ukrayna prezidenti Zelenskinin Suriya səfərinin Türkiyənin istəyi ilə həyata keçirildiyini qeyd edib: "Bildiyiniz kimi, Türkiyə öz qonşuluğunda olan, ən azı 14–15 ilə yaxın müddətdə xaos içində yaşayan Suriyanı normal, sivil dövlətlər sırasına qaytarmağa çalışır. Çünki, qonşuluğunda nə qədər sabitlik varsa, Türkiyə üçün o qədər faydalı, təhlükəsiz deməkdir. Həm də nəzərə almalıyıq ki, Suriyada Əhməd Əş-şəranın hakimiyyətə gəlməsi və onun hakimiyyətdə qalması Türkiyənin maraqlarına uyğundur. Təbii ki, Türkiyə Əş-şəra və onun hökumətinin dünyada legitimlik qazanmasının, daha çox dövlətlərlə əlaqədə olmasının, ünsiyyətdə olmasının, siyasi, iqtisadi, mədəni birliklər yaratmasının marağındadır. Çünki, Əş-şəra və onun hökumətinin hələ də müəyyən legitimliyə ehtiyacı var, müəyyən qəbul olunmağa ehtiyacı var. Ona görə bu səfəri daha çox Zelenskinin Türkiyənin xoşuna gəlmək üçün və yaxud da Türkiyənin istəyi ilə həyata keçirdiyini düşünürəm".
Partiya sədri hazırda Ukrayna və Suriyanın, bir-biri ilə mübadilə edəcək imkanları olmadığını bildirib: "Çünki, Suriya müharibədən yeni çıxıb, Ukraynada isə müharibə davam edir. Yəni, Suriyada bütün infrastruktur dağılıb, yox olub, Ukraynada isə dağılmaq üzrədir. Bu ölkələrin bir-birinə bu dəqiqə mənəvi dəstək verməkdən başqa imkanlarının olmadığını və an etibarilə Zelenskinin siyasi anlamda dəstək verəcək hər bir ölkəyə ehtiyac duyduğunu vurğulayıb. Ukraynanın bu addımı atmaqdakı məqsədi Türkiyənin könlünü "xoş etmək"dir. Suriya əsasən Türkiyənin yanında olan bir dövlət kimi rol alır, burada əsasən Zelenskinin Türkiyəyə yaxınlaşmaq cəhdi var.Ukrayna prezidenti Türkiyənin regionda nə qədər güclü olduğunu, ümumiyyətlə dünyada yavaş-yavaş söz sahibi olduğunu görür və onun müttəfiqinə çevrilmək istəyir. Bu, həm də Türkiyənin artan gücünün göstəricisidir. Bizim üçün də bu məsələ önəmlidir. Çünki Türkiyə Azərbaycanın əsas təbii strateji müttəfiqidir".
Turqut Ansari
19:20 09.04.2026
Oxunuş sayı: 54