Azərbaycan - Gürcüstan dostluğu
Aprelin 6-da Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüş və səsləndirilən bəyanatlar təkcə diplomatik hadisə kimi deyil, həm də Cənubi Qafqaz regionunda formalaşmaqda olan yeni siyasi nizamın açıq göstəricisi kimi dəyərləndirilə bilər. Bu çıxışlar regionun gələcək güc balansı, təhlükəsizlik sistemi və geosiyasi prioritetləri barədə mühüm mesajlar verir.
Cənab Prezident İlham Əliyevin bəyanatı məzmun etibarilə bir neçə əsas siyasi xətt üzərində qurulmuşdur: suverenlik və ərazi bütövlüyünün qorunması, regional əməkdaşlığın gücləndirilməsi və xarici təsirlərdən asılı olmayan müstəqil siyasət kursunun davam etdirilməsi. Ölkə Prezidenti açıq şəkildə qeyd etdi ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyib və bundan sonra da bu mövqedə qalacaqlar. Onun sözlərinə görə, iki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyib və bundan sonra da dəstəkləməkdə davam edəcək. Bu yanaşma regionda formalaşmaqda olan yeni siyasi əməkdaşlıq modelinin əsas prinsiplərindən biri kimi çıxış edir. Bu fikrin arxasında dayanan əsas mesaj isə ondan ibarətdir ki, Cənubi Qafqaz artıq böyük güclərin rəqabət meydanı olmaqdan uzaqlaşaraq, region dövlətlərinin öz təşəbbüsü ilə qurduğu əməkdaşlıq məkanına çevrilməkdədir.
Bu, region üçün mühüm tarixi dönüş nöqtəsi hesab edilə bilər. Uzun illər ərzində münaqişələr, geosiyasi qarşıdurmalar və təsir dairələri uğrunda mübarizə ilə yadda qalan bu bölgə indi yeni siyasi reallıqlar mərhələsinə qədəm qoyur. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam isə siyasi sabitliyin dövlət inkişafının əsas şərtlərindən biri kimi təqdim olunmasıdır. Bu kontekstdə Gürcüstanda mövcud olan daxili sabitlik xüsusi vurğulandı və qeyd edildi ki, məhz bu sabitlik ölkənin uğurlu inkişaf modelinin əsasını təşkil edir. Əslində bu fikir dolayısı ilə region ölkələrinə də ünvanlanan bir mesajdır: siyasi sabitlik olmadan nə iqtisadi inkişaf, nə də geosiyasi nüfuzun artması mümkün deyil.
Regionda təhlükəsizlik məsələlərinə yanaşma da yeni mərhələyə daxil olmuşdur. Cənab Prezident İlham Əliyev bildirdi ki, dünyada artan münaqişələr fonunda Cənubi Qafqaz sabitlik və əməkdaşlıq məkanına çevrilməlidir. Onun fikrincə, müxtəlif bölgələrdə təhlükəsizlik problemlərinin artdığı bir dövrdə Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanı kimi formalaşması xüsusi əhəmiyyət kəsb edir. Bu fikir təkcə siyasi arzu deyil, həm də konkret strateji yanaşmanın ifadəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı səsləndirilən fikirlər də xüsusi diqqətə layiqdir. Dövlət başçısı İlham Əliyev vurğuladı ki, sülh prosesinin möhkəmlənməsi yalnız imzalanan sənədlərlə deyil, real və praktiki addımlarla təmin olunmalıdır. Bu yanaşma klassik diplomatik üsullardan fərqli olaraq daha praqmatik və nəticəyə yönəlmiş siyasətin göstəricisi kimi qəbul olunur. Sülhün iqtisadi əsaslar üzərində qurulması, xüsusilə ticarət əlaqələrinin inkişaf etdirilməsi regionda uzunmüddətli sabitliyin təmin edilməsi üçün mühüm vasitə kimi təqdim edilir.
Bu kontekstdə Gürcüstanın rolu xüsusi strateji əhəmiyyət daşıyır. Tbilisi faktiki olaraq regionda neytral platforma və mühüm logistika mərkəzi funksiyasını yerinə yetirir. Azərbaycan və Ermənistan arasında müəyyən ticarət əlaqələrinin məhz Gürcüstan vasitəsilə həyata keçirilməsi bu ölkənin vasitəçi və sabitləşdirici aktor kimi mövqeyini daha da gücləndirir. Bu isə Gürcüstanın regional siyasətdə rolunun və çəkisinin artmasına səbəb olur.
Siyasi baxımdan diqqət çəkən mühüm məqamlardan biri də region ölkələrinin gələcək əməkdaşlıq modelidir. Ölkə Prezidenti İlham Əliyevin çıxışında aydın şəkildə hiss olunur ki, Azərbaycan regional inteqrasiyanın təşəbbüskarlarından biri kimi çıxış edir və bu prosesdə Gürcüstan əsas tərəfdaşlardan biri hesab olunur. Bu əməkdaşlıq modeli isə üç əsas prinsip üzərində qurulur: qarşılıqlı hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və ortaq maraqların qorunması.
Eyni zamanda bu görüş Qərb və Şərq arasında formalaşan geosiyasi xətt baxımından da mühüm mesajlar verir. Azərbaycan və Gürcüstanın həyata keçirdiyi siyasət balanslı və praqmatik xarakter daşıyır. Bu ölkələr nə tam şəkildə hər hansı bir siyasi blokun tərkibində çıxış edir, nə də özlərini geosiyasi təcrid vəziyyətinə salırlar. Əksinə, onlar müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edərək milli maraqlara əsaslanan çoxvektorlu siyasət həyata keçirirlər. Bu yanaşma xüsusilə müasir dövrdə qlobal gərginliyin artdığı bir şəraitdə daha акtual görünür.
Dünyada yeni güc balansının formalaşdığı bir dövrdə Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq regionda sabitlik və tərəfdaşlıq nümunəsi kimi çıxış edir. Bu isə yalnız regional deyil, eyni zamanda beynəlxalq aktorlar üçün də diqqət çəkən və cəlbedici bir model yaradır.
Tbilisidə baş tutan bu görüş Cənubi Qafqazın siyasi gələcəyinə dair aydın istiqamətlər təqdim etdi. Cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər göstərir ki, region ölkələri artıq beynəlxalq münasibətlər sistemində passiv obyekt kimi deyil, aktiv siyasi subyekt kimi çıxış edirlər. Onlar öz gələcəklərini müəyyənləşdirir, əməkdaşlıq platformalarını formalaşdırır və regional sabitliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirirlər. Bu isə xarici təsirlərin deyil, məhz regional konsensusun müəyyən etdiyi yeni Cənubi Qafqaz reallığının formalaşdığını göstərir.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəalı
11:30 09.04.2026
Oxunuş sayı: 51